AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

25 Noyabr – Kəlbəcər Şəhəri Günü həm də bu qədim diyarın zəngin mənəvi irsinin öz sahiblərinə qayıtması bayramıdır 

Azərbaycanın zəngin mədəniyyət xəzinəsində özünəməxsus yeri olan Kəlbəcər əsrlər boyu sözün, sazın və sənətin beşiyi olmuşdur. Kəlbəcər deyəndə ilk növbədə göz önündə uca dağların əzəməti ilə sazın tellərindən süzülən ecazkar nəğmələr canlanır. Bu torpaq Azərbaycan aşıq sənətinə Aşıq Şəmşir, Aşıq Qurban, Bəhmən Vətənoğlu, Sücaət kimi ölməz sənətkarlar bəxş etmişdir. Xüsusilə Ustad Aşıq Şəmşirin yaradıcılığı Kəlbəcər ədəbi mühitinin zirvəsi hesab olunur. Dədə Şəmşir öz qoşmaları, gəraylıları və təcnisləri ilə elin dərdini, sevincini, vətən sevgisini misralara köçürmüşdür. Xalq şairi Səməd Vurğunla Aşıq Şəmşir arasındakı səmimi dostluq və deyişmələr Azərbaycan ədəbiyyatının ən gözəl səhifələrindəndir. Səməd Vurğun Kəlbəcərin təbiətinə və insanlarının qonaqpərvərliyinə heyranlığını bu ölməz misralarla ifadə etmişdi:

“Aşıq Şəmşir, Dəlidağdan keçəndə,

Kəklikli daşlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub yada sal məni.”

 

Bu misralar Kəlbəcərin poetik ruhunu və təbiətlə insanın vəhdətini ən yüksək səviyyədə əks etdirir. Kəlbəcər həm də qədim tarixi-memarlıq abidələri ilə zəngin olan bir açıq səma altında muzeydir. Rayon ərazisində yerləşən Xudavəng monastır kompleksi Qafqaz Albaniyasının nadir memarlıq incilərindən biridir. VI-VII əsrlərə aid olan bu möhtəşəm abidə Azərbaycan xalqının qədim dövlətçilik və mədəniyyət tarixinin canlı şahididir.Bundan başqa, Gəncəsər məbədi, Lök qalası, Uluxan qalası və Qalaboynu qalası kimi abidələr bu torpağın strateji və tarixi əhəmiyyətini göstərir. Kəlbəcərin Zar kəndi yaxınlığındakı mağara düşərgələri burada hələ qədim daş dövründə insan məskənlərinin mövcud olduğunu sübut edir. Soltan Heydər, Qurbağalı çay, Turşsu və Ayıçınqılı ərazilərindəki qayaüstü təsvirlər Qobustan qaya rəsmləri ilə səsləşir.Bu təsvirlər qədim əcdadlarımızın dünyagörüşünü, ovçuluq mədəniyyətini və bədii zövqünü günümüzə qədər daşımışdır. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi işğaldan əvvəl on minlərlə nadir eksponatı özündə birləşdirən unikal mədəniyyət ocağı idi.Təəssüf ki, 27 illik işğal dövründə erməni vandalları bu muzeyi talan etmiş, tarixi abidələrimizi saxtalaşdırmağa və məhv etməyə çalışmışlar. Məscidlərimiz dağıdılmış, qəbiristanlıqlarımız təhqir olunmuş, mədəni irsimizə qarşı əsl soyqırımı həyata keçirilmişdir.Lakin xalqımızın yaddaşında yaşayan mədəniyyəti və sənət sevgisini heç bir işğalçı məhv edə bilmədi.Köçkünlük illərində belə kəlbəcərli aşıqlar və şairlər öz sazlarını susdurmadılar, Vətən həsrətli nəğmələrlə xalqı qələbəyə ruhlandırdılar. 2020-ci ilin 25 noyabrında Kəlbəcərin azad edilməsi ilə bu torpağın mədəni həyatında yeni bir dirçəliş dövrü başladı. Azadlıqdan dərhal sonra dövlət səviyyəsində tarixi və dini abidələrin inventarizasiyası və bərpası işlərinə start verildi. Heydər Əliyev Fondu Kəlbəcərin mədəni irsinin qorunması və bərpası istiqamətində mühüm layihələr həyata keçirir. Bu gün Xudavəng monastırında və digər qədim abidələrdə həqiqi tarixi ədalət bərpa olunmuşdur.Kəlbəcər xalçaçılıq sənəti də Azərbaycan dekorativ-tətbiqi sənətinin parlaq qollarından biridir.Kəlbəcər xalçaları özünün zəngin ornamentləri, təbii boyaları və yüksək toxunma keyfiyyəti ilə seçilir. Bu xalçalarda dağların rəngi, çiçəklərin ətri və el sənətkarlarının incə zövqü əks olunmuşdur. Kəlbəcər folkloru – bayatıları, dastanları, əfsanə və rəvayətləri xalq yaradıcılığının tükənməz xəzinəsidir. Dəlidağ, Murovdağ, Qoşqar və Keyti dağları haqqında qoşulan əfsanələr nəsildən-nəslə ötürülərək bu günə gəlib çatmışdır.Kəlbəcər mətbəxi də özünün təbii nemətləri və özünəməxsus yemək mədəniyyəti ilə seçilir. Dünyaca məşhur Kəlbəcər balı öz müalicəvi xüsusiyyətləri və ətri ilə əvəzsiz bir sərvətdir. Dağ çiçəklərindən çəkilən bu bal Kəlbəcər təbiətinin insanlara bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Kəlbəcər həm də Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr vermiş ziyalılar yurdudur. Bu torpaqdan çıxan alimlər, həkimlər, müəllimlər ölkəmizin inkişafında mühüm rol oynamışlar.

Bu gün Kəlbəcərdə yenidən məktəblər, mədəniyyət evləri, kitabxanalar və yaradıcılıq mərkəzləri tikilir.Aşıq Şəmşir Mədəniyyət Ocağının fəaliyyətinin doğma yurdda bərpası gənc istedadların yetişməsinə təkan verəcək. Yenidən Kəlbəcər yaylaqlarında saz səsi ucalacaq, el şənlikləri və poeziya gecələri təşkil olunacaq.Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəni irsimizlə bağlı dediyi bu kəlam Kəlbəcərin bu gününə tam uyğun gəlir:”Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.” Kəlbəcərin mədəniyyəti bizim milli qürur mənbəyimiz və gələcək nəsillərə ötürəcəyimiz müqəddəs əmanətdir.

25 Noyabr Kəlbəcər Şəhəri Günü bu əmanətə sahib çıxmağın və onu yaşatmağın rəmzidir.Hər bir abidənin bərpası tariximizin yenidən canlanması deməkdir. Artıq Dəlidağın ətəklərində kədərli ağılar deyil, zəfər nəğmələri oxunur.Sazın telləri bu gün azadlıq və quruculuq havası çalır. Kəlbəcərin mədəni intibahı bütün regionun mənəvi yüksəlişinə xidmət edir. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar tezliklə bu qədim diyarın zəngin mədəniyyəti ilə yaxından tanış ola biləcəklər. Kəlbəcər öz tarixi keçmişi ilə müasir inkişafını ahəngdar şəkildə birləşdirir. Bu torpağın hər daşında əcdadlarımızın izi, hər nəğməsində xalqımızın ruhu yaşayır.

25 Noyabr bizim üçün həm də mədəniyyətimizin işğaldan azad olunması günüdür. Dədə Şəmşir yurdunda sazın səsi və sözün qüdrəti əbədi yaşayacaqdır!

Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

Oxşar Xəbərlər

Back to top button