Müstəqil Azərbaycan dövlətinin qurucusu

Böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürəgəlməz dərəcədə kasıb və maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Xalqların və ölkələrin inkişafının əsasında şəxsiyyətlərin və ideyaların dayanması inancı ictimai düşüncəyə dərindən hakim kəsilmiş həqiqətlərdən sayılır. İnkişafın şərəfli yolunu keçmiş və ya bu yolda olan xalqların nümunəsi (tarixi) deyilənin ən bariz ifadəsi haqqına sahibdir. Tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda dahi şəxsiyyətlər, liderlər çıxış edib və bu gün də çıxış etməkdədirlər. Bunlardan kənarda əhəmiyyətli inkişaf nümunəsinə tarixi təcrübədə hələ ki, rast gəlmək mümkün deyil. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Heydər Əliyevin ölkəmizin rəhbəri seçilməsinin 40 illiyi ərəfəsində müasir tariximizin bu həqiqəti Azərbaycanın indiki əzəmətli inkişafı fonunda daha aydın, daha bariz şəkildə qavranılmaqdadır. Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin dövlət qurucusu anlamında başadüşülən güclü şəxsiyyətə ehtiyacını artıran ən möhtəşəm arqumentlər idi. Ötən əsrin 90-cı illərinin ictimai ovqatının dövlət qurucusu olan güclü lider ideyası üzərində kökləndiyini sübuta yetirmək üçün kifayət qədər dəlillərin gətirilməsi mümkündür. Müdrik, təcrübəli və qüdrətli şəxsiyyət olmadan ölkəni əhatə etmiş total böhranın aradan qaldırıla biləcəyinə heç kimdə ümid qalmamışdı. Bir növ, güclü şəxsiyyət Azərbaycanın nicatı kimi qavranılırdı və bu mənada qüdrətli lider ideyası o dövrün siyasi gerçəkliyinin əsas aparıcı qüvvəsinə çevrilmişdi. Azərbaycanın müasir tarixinin ən böhranlı mərhələsi hesab edilən XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü lider ideyasının birmənalı şəkildə Heydər Əliyev şəxsiyyəti ilə əlaqələndirilməsi o dövrün gerçəkliyinin digər, yuxarıda qeyd olunan məfkurə prinsipindən daha populyar ideyası olaraq qavranılırdı. Başqa cür ifadə etməli olsaq, etiraf etmək lazımdır ki, haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyası əslində ümidlərin Heydər Əliyevlə bağlanmasına ideoloji baza yaratmaq məqsədi güdürdü. Ən başlıcası isə bu, bütünlüklə cəmiyyəti, onun hər bir təbəqəsini həm əhatə edən, həm də birləşdirən məfkurə rolunu oynayırdı. Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı zərurətinin nəzəri-ideoloji əsası özünün ifadəsini məhz yuxarıda haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyasında tapır. Heç şübhə yoxdur ki, Azərbaycanın XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli ictimai düşüncə səviyyəsində dərk edilən zərurət olduğundan, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilk növbədə xilaskarlıq missiyası ilə yüklənmişdir. Xalq Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşdığından, Heydər Əliyevə də xilaskar kimi baxırdı. Azərbaycanın müasir tarixinin real təhlükələrin altında, sözün həqiqi mənasında, əzildiyi bir vaxtda ictimai düşüncədə xilaskar ümummilli lider Heydər Əliyev obrazının formalaşmasının təsadüfi olmadığını əsaslandırmaq bəlkə də artıqdır. Əslində, Heydər Əliyevin məlum tarixi proseslərin müasiri olması faktı kifayət edirdi ki, xalq öz taleyinin xilas edilməsini ona həvalə etsin. Qeyd etməyə dəyər ki, Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı.Heydər Əliyevin xilaskarlıq missiyasının fəlsəfəsinə xas olan fərqləndirici cəhətlərdən birinin haqqında da fikir mübadiləsi aparılmasına ehtiyac duyulmaqdadır. Heydər Əliyev şəxsiyyətinin əzəməti və miqyası onun tarixi qayıdışının mənasını yalnız xilaskarlıq missiyası ilə məhdudlaşdırmağı qeyri-mümkün edir. Əslində, o, Azərbaycanın düçar olduğu vəziyyətdən xilasını geniş planda ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılmasında görürdü. Başqa sözlə, Heydər Əliyev özünün xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatları başa düşürdü ki, bunları həyata keçirərək Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olduğunu, müstəqil Azərbaycan dövlətinin qurulduğunu bəyan etmək mümkün olsun. Buna görə müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin təntənəsi həm də Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi kimi qavranılır. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması həm də Azərbaycanın müstəqil dövlətçiliyini möhkəmləndirən əsasların yaradılması demək idi.
Sevil Əliyeva,
Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



