Azərbaycanla Pakistan arasında mövcud dostluq, qardaşlıq əlaqələri möhkəm təməl üzərində qurulub
“Azərbaycanın xarici siyasətində Pakistanla münasibətlər mühüm yer tutur. İki ölkə arasında çoxşaxəli əlaqələr mövcuddur. Ölkələrimiz bir-birinə sıx dostluq və qardaşlıq əlaqələri ilə bağlıdır. İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri bu reallığı təsdiqləyir”.Hazırda iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində də Pakistan ölkəmizin mövqeyini birmənalı olaraq dəstəklədi. Prezidentimiz İlham Əliyev dost ölkənin bu dəstəyini yüksək qiymətləndirib. Ümumiyyətlə, Pakistan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Səfər zamanı mətbuata birgə bəyanatlar zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu məsələ ilə bağlı deyib ki, “Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”. Azərbaycan da bütün məsələlərdə, o cümlədən Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır. Bu gün Pakistan ordusu dünyada ən güclü ordular sırasında ön yerlərdə qərarlaşmışdır. Azərbaycan Ordusu ilə Pakistan Ordusu birgə hərbi təlimlər keçirir və bu təlimlər orduların peşəkarlığının artmasına öz töhfəsini verir. İqtisadi sahədə də əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması istiqamətində iki ölkə arasında bir çox sənədlər imzalanmışdır. Azərbaycanla Pakistan arasında sərmayə, enerji və müdafiə sənayesi sahələrində yaxın gələcəkdə böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ölkələrimiz arasında digər sahələrlə yanaşı təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi haqqında müzakirələr aparılmışdır. Azərbaycanla Pakistan arasında mövcud dostluq, qardaşlıq əlaqələri möhkəm təməl üzərində qurulmuş və gələcəkdə daha yüksək səviyyəyə qalxacaq.
Dilqəm Əlirzayev,
Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı