AnalitikaGündəmSiyasət

10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır

Artıq Vətən müharibəsində Azərbaycanın qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən tarixi 10 noyabr Bəyanatının imzalanmasından dörd il ötür. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Buna görə də üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi yolla qazandığı qələbənin məntiqi nəticəsidir.

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib.

Qeyd edək ki, 2021-ci il iyunun 15-i Azərbaycan tarixinə əlamətdar gün kimi düşdü. Ən əsası isə, tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda –Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində qarşıladı və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması isə mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı bildirmişdi ki, imzalanan birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətlərini göstərir. Eləcə də, Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Ötən dörd il ərzində işğaldan azad olunan rayonlarımızda yenidənqurma işlərinə başlanılıb, sakinlər öz dədə-baba yurduna geri dönürlər. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Əsas məsələ olan status məsələsi ümumiyyətlə gündəmdən bir dəfəlik çıxarılmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr uğurla icra olunur.

Bununla da Azərbaycanın milli maraqlarının diplomatik müstəvidə və informasiya məkanında qorunması ona gətirib çıxardı ki, Ermənistanın təslimçilik aktına imza atmaqdan başqa çarəsi qalmadı. Tarixi bəyanatın müvafiq şərtləri çərçivəsində Ermənistan müharibədə uduzan tərəf kimi öz üzərinə bir çox öhdəliklər götürdü.  Ən əsası, 10 noyabr Bəyanatı Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi, iki yüz illik erməni separatizminin kökünü kəsdi.

Bu gün diktə edən tərəf qalib Azərbaycandır və hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması şərtləndirdi və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button