AnalitikaGündəmSiyasətSosial

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin dönüş nöqtəsidir

Azərbaycanın müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü xüsusi əhəmiyyət daşıyır. Bu tarix ölkəmizin ağır siyasi və ictimai böhran yaşadığı bir dövrdə dövlətçiliyin qorunması, sabitliyin bərpası və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi ilə bağlıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Ölkədə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və təhlükəsizlik problemləri dövlətin gələcəyi üçün ciddi təhlükə yaradırdı. Belə mürəkkəb bir zamanda xalqın böyük etimad göstərdiyi Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu.

Ulu Öndər Heydər Əliyev ilk növbədə ölkədə sabitliyin yaradılmasına, dövlət idarəçiliyinin möhkəmləndirilməsinə və milli birliyin təmin olunmasına çalışdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqil dövlət kimi inkişaf etmək üçün möhkəm təməl qazandı. Ulu Öndərin xidmətlərindən biri də Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi və iqtisadi inkişaf üçün mühüm addımların atılması idi. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin gələcək uğurlarının əsasını qoydu.

Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə edib. Xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfər Azərbaycanın gücünü və milli iradəsini bütün dünyaya göstərdi.

15 İyun – Milli Qurtuluş Günü bizə dövlətçiliyin, milli birliyin və müstəqilliyin nə qədər böyük dəyər olduğunu xatırladır. Bu gün Azərbaycan güclü və inkişaf edən dövlət kimi öz yolunu davam etdirir. Milli Qurtuluş ideyası xalqımızın dövlətə bağlılığını, gələcəyə inamını və müstəqilliyimizi qorumaq əzmini ifadə edir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button