
15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycanın tarixində mühüm bir dönüş nöqtəsi olaraq qeyd olunur. Bu gün ölkənin ictimai-siyasi sabitliyə, iqtisadi inkişafa və dövlətçilik ənənələrinin bərpasına doğru atdığı həlledici addımların başlanğıcı kimi qiymətləndirilir. 1993-cü ilin bu taleyüklü günü xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və müstəqil Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi xalqın illərlə arzuladığı azadlıq ideyasının gerçəkləşməsi idi. Lakin müstəqilliyin ilk illəri ölkə üçün son dərəcə ağır keçdi. Daxili siyasi böhranlar, idarəetmədə qeyri-sabitlik, Ermənistanla müharibə və torpaq itkiləri cəmiyyətdə dərin narahatlıq və ümidsizlik yaratmışdı. 1993-cü ilin iyun ayında ölkədə baş verən Gəncə hadisələri isə vəziyyəti daha da kəskinləşdirdi. Vətəndaş müharibəsi təhlükəsi artıq reallığa çevrilməkdə idi. Bu mürəkkəb və kritik dövrdə xalqın təkidli tələbi ilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev iyunun 9-da Bakıya dəvət olundu. İyunun 15-də isə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün Azərbaycanın siyasi həyatında “Milli Qurtuluş Günü” kimi tarixə düşdü. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik təmin olundu, vətəndaş qarşıdurması təhlükəsinin qarşısı alındı və dövlət institutları gücləndirildi. Milli Qurtuluş Günü yalnız bir siyasi qayıdış deyil, həm də xalqın dövlətinə və gələcəyinə sahib çıxmasının simvoludur. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğuna, iqtisadi islahatlara və beynəlxalq münasibətlərdə balanslı siyasətə əsaslanan yeni bir inkişaf mərhələsi başlandı. Neft strategiyasının həyata keçirilməsi, “Əsrin müqaviləsi”nin imzalanması və ölkənin beynəlxalq aləmdə nüfuzunun artması bu mərhələnin əsas göstəricilərindəndir. Bu gün 15 İyun – Milli Qurtuluş Günü sadəcə bir tarixi xatırlama deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin təməllərinin necə qoyulduğuna dair dərindir bir dərsdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də ölkədə Heydər Əliyev irsi davam etdirilir, onun müəyyən etdiyi inkişaf yolu uğurla davam etdirilir. 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının yaddaşında və qəlbində xüsusi yer tutur. Bu gün xalqın öz liderinə inamının, dövlətçiliyə sədaqətinin və birgə mübarizənin qalibiyyətlə nəticələndiyi bir gündür. Azərbaycanın müstəqillik tarixi bu günlə daha da möhkəmlənmiş, dövlətçilik ənənələri bərpa olunmuşdur.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi