AnalitikaGündəmSiyasət

15 İyun – Milli Qurtuluş Günü: Tarixi Zərurət və Müasir Azərbaycanın Bünövrəsi

15 iyun 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və sabit inkişafının başlanğıcı olmuşdur. Bu gün müasir Azərbaycanın əsasını təşkil edən siyasi sabitlik, iqtisadi dirçəliş və beynəlxalq nüfuz məhz həmin dönüş nöqtəsinin nəticəsidir. Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan 15 iyun – Milli Qurtuluş Günü təkcə siyasi hadisə deyil, həm də xalqın iradəsinin, dövlətçiliyin qorunmasının və gələcəyə inamın rəmzidir. Bu gün Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsi sayılır və hər il dövlət səviyyəsində qeyd olunur.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan gənc dövlət olaraq ciddi sınaqlarla üz-üzə qalmışdı. Siyasi hakimiyyət böhranı, separatçılıq təhlükəsi, Ermənistanla müharibə və iqtisadi çöküş ölkəni vətəndaş qarşıdurmasına sürükləmişdi. 1993-cü ilin iyununda Gəncə hadisələri və siyasi xaos fonunda ölkənin parçalanmaq təhlükəsi real idi.  Bu mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya dəvət olundu. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu tarixdən etibarən ölkədə siyasi sabitlik yaranmağa, hüquqi və iqtisadi islahatlara start verilməyə başlandı. Heydər Əliyevin rəhbərliyi ilə Vətəndaş müharibəsinin qarşısı alındı, Mərkəzi hakimiyyət gücləndirildi, Neft strategiyası həyata keçirildi (“Əsrin müqaviləsi”, 1994), Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanındı. Bu islahatlar ölkənin müstəqilliyini qoruyaraq onun gələcək inkişafını təmin etdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə iqtisadi islahatlara start verildi, neft strategiyası formalaşdı və “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın dünya enerji bazarına çıxışını təmin etdi və ölkənin iqtisadi müstəqilliyinə zəmin yaratdı. Bununla yanaşı, beynəlxalq əlaqələr genişləndi, ölkəmiz dünya birliyinin etibarlı tərəfdaşına çevrildi.Milli Qurtuluş Günü həm də Azərbaycan gəncliyi üçün bir nümunədir. Bu gün bizlərə göstərir ki, çətin vəziyyətlərdə belə, güclü liderlik və xalqın birliyi ilə böyük uğurlar əldə etmək mümkündür. Azərbaycanın bugünkü inkişafı və beynəlxalq arenada qazandığı nüfuz, məhz o vaxt atılan düzgün addımların nəticəsidir.Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil, güclü və dayanıqlı dövlət kimi inkişaf edir.

Ələsgərova Elmira
Xəzər rayonu, 123 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button