
1918-ci ilin mart ayında erməni silahlı dəstələrinin törətdiyi qırğınlar Azərbaycan tarixində ən qanlı hadisələrdən biri kimi qalmaqdadır. Bu cinayətlər təkcə Bakı şəhəri ilə məhdudlaşmır, əksinə, Azərbaycanın müxtəlif bölgələrində geniş miqyas almışdır. Şamaxı, Quba, Muğan, Lənkəran və digər bölgələrdə minlərlə insan qətlə yetirilmiş, evlər yandırılmış, dini və mədəni abidələr dağıdılmışdır. Əhalinin kütləvi şəkildə məhv edilməsi, uşaqların, qadınların və qocaların amansızcasına öldürülməsi bu hadisələrin tamamilə etnik təmizləmə məqsədilə həyata keçirildiyini sübut edir. Bakıda həyata keçirilən soyqırımı zamanı 10 mindən çox insan vəhşicəsinə qətlə yetirildi. Şamaxıda isə bu rəqəm 8 mindən çox idi. Qubada yalnız müsəlmanlar deyil, həm də burada yaşayan yəhudi əhali erməni silahlı dəstələrinin hədəfinə çevrildi. Tarixi mənbələr bu faciənin planlı şəkildə həyata keçirildiyini və erməni millətçilərinin Azərbaycanın etnik tərkibini dəyişmək məqsədini güddüyünü göstərir. Quba şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkarlanmış, bu da cinayətlərin miqyasını sübut edən mühüm faktorlardan biri olmuşdur.
Soyqırımının əsas icraçıları “Daşnaksütyun” partiyasının silahlı dəstələri və bolşevik-erməni qüvvələri idi. Onlar yerli əhalini qorxu altında saxlamaq üçün məqsədli şəkildə qanlı cinayətlər törətmiş, insanları diri-diri yandırmış, ailələri bütövlükdə məhv etmişlər. Məqsəd Azərbaycanın türk-müsəlman əhalisini sıxışdırmaq və bölgədə erməni üstünlüyü yaratmaq idi. Lakin bu siyasət təkcə insanlara qarşı deyil, Azərbaycan mədəniyyətinə qarşı da yönəlmişdi. Şamaxıda çoxsaylı məscidlər, Qubada dini və tarixi abidələr məhv edilmiş, kitabxanalar yandırılmışdır.
Uzun illər boyu bu hadisələr dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi qiymətini almamışdır. Lakin müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti bu qanlı faciələrin unudulmaması üçün ciddi addımlar atmışdır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hər il bu tarixdə şəhidlərin xatirəsi yad edilir, soyqırımı qurbanlarının ruhuna dualar oxunur.
Bu hadisələrin miqyasının tam şəkildə dünyaya çatdırılması vacib məsələdir. Azərbaycan xalqı öz tarixi həqiqətlərini beynəlxalq ictimaiyyətə tanıtmaq üçün mübarizəsini davam etdirməli, saxta erməni təbliğatına qarşı gerçək faktlarla cavab verməlidir. Çünki bu faciələri unutmaq gələcəkdə belə cinayətlərin təkrarlanmasına şərait yarada bilər.
Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı