
Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı.
Erməni daşnakları öz məkrli siyasətlərini həyata keçirmək və bu coğrafiyadan azərbaycanlıları Silməkdən ötrü min cür hiylələrlə, üsullara əl atmışdır. Onların bu siyasəti reallaşdırmaq da əsas məqsədi mifik olan dənizdən dənizə böyük Ermənistan yaratmaq idi. Bu prosesi həyata keçirmək üçün havadarları olan ruslardan ilhamlanaraq min cür vəhşiliklər törətmişdir. Erməni millətçilərinin yaratdığı mifik “Böyük Ermənistan” ideyası tarixin müxtəlif dövrlərində qonşu xalqlara, xüsusilə də azərbaycanlılara qarşı qanlı faciələrə səbəb olmuşdur. Bu ideyanın gerçəkləşdirilməsi məqsədilə XX əsrdə dəfələrlə etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti həyata keçirilmişdir.
Azərbaycan xalqının ən ağır faciələrindən biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş soyqırımı olmuşdur. Bakı Sovetinin nəzarəti altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törətmişdir. Yüzlərlə kənd yandırılmış, minlərlə günahsız insan – qadın, uşaq və qocalar amansızcasına qətlə yetirilmişdir. Bu hadisələr erməni millətçilərinin tarix boyu davam etdirdiyi işğalçılıq və separatçılıq siyasətinin bir hissəsi olmuşdur. XX əsrin sonlarında – 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı öz ata-baba yurdundan didərgin salınmış, Xocalı soyqırımı kimi dəhşətli faciə baş vermişdir.
Həmin dövrdə erməni daşnakları Bakı Sovetinin qoşunları ilə birlikdə Bakı şəhərində və ətraf bölgələrdə kütləvi qətllər törətmişlər. Martın 30-dan aprelin 3-dək Bakı, Şamaxı, Quba, Zəngəzur, Qarabağ, İrəvan və digər bölgələrdə 30 mindən çox azərbaycanlı öldürülmüşdür. Təkcə Şamaxıda 8 mindən çox insan qətlə yetirilmiş, 58 kənd yandırılmışdır. Qubada ləzgi, yəhudi, avar və digər xalqlar da bu soyqırımının qurbanı olmuşdur. Erməni silahlı dəstələri dinc insanları – qadınları, uşaqları və qocaları amansızcasına qətlə yetirmiş, bir çox insanı diri-diri yandırmış, kəndləri və şəhərləri dağıtmışlar. Bu qətliamların məqsədi azərbaycanlıları öz doğma torpaqlarından qovmaq və bölgədə etnik tərkibi dəyişdirmək idi. Bunun üçün yaşayış məntəqələri yerlə-yeksan edilmiş, məscidlər, məktəblər, xəstəxanalar dağıdılmış, qəbiristanlıqlar məhv edilmişdir. Həmin dövrdə baş verən hadisələr yalnız azərbaycanlılara qarşı deyil, bölgədə yaşayan digər xalqlara qarşı da soyqırımı idi.
Bu hadisələr uzun illər gizlədilmiş, lakin tarixi həqiqətləri dəyişdirmək mümkün olmamışdır. Ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində 31 Mart siyasi qüvvəyə mindikdən sonra, ona hüquqi qiymət verilməsi məqsədi ilə Azərbaycan Respublikası dünya ölkələri ilə bu barədə geniş əlaqələr yaradır, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün ciddi işlər həyata keçirir. Nəhayət, 1998-ci ildə Azərbaycan hökuməti 31 mart gününü “Azərbaycanlıların Soyqırımı Günü” elan etmişdir. Hər il bu tarixdə qətlə yetirilmiş insanların xatirəsi dərin hüznlə yad edilir.
İlk öncə qeyd etdiyimiz kimi bu prosesin bircə məqsədi ilk öncə azərbaycanlıları bu coğrafiyadan silmək, milləti məhv etmək, Azərbaycan torpaqları hesabına öz torpaqlarını genişləndirmək idi. Təbii ki, bu prosesi tək başına icra etmək heç də mümkün deyildir, bunu rusların köməyi hesabını həyata keçirirdi, silah, sursat təminatını ruslar həyata keçirirdi, Bakıda fəaliyyət göstərən daşnak fəalları icra edirdi. Təbii ki, Andronikin qulağını kəsəcək qeyrətli Azərbaycan oğullar hər dövrdə olmuşdur. Sadəcə siyasi pərakəndəlik, siyasi hakimiyyətdə boşluqlar bu zəruri tədbirin icrasını tezləşdirmişdi.
1918-ci il soyqırımı ilə bağlı çoxsaylı sənədlər toplanmış, araşdırmalar aparılmış, kitablar yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Bu araşdırmaların ən mühüm nəticələrindən biri 2007-ci ildə Quba şəhərində aparılan qazıntı işləri zamanı kütləvi məzarlığın aşkarlanması olmuşdur. Quba stadionunun yaxınlığında aparılan torpaq işləri zamanı çoxlu insan qalıqları tapılmış və onların 1918-ci ilin aprel-may aylarında ermənilər tərəfindən qətlə yetirilən şəxslərə aid olduğu müəyyən edilmişdir. Arxeoloji və tibbi ekspertizalar göstərmişdir ki, bu məzarlıqda 500-dən çox insan dəfn olunmuşdur. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu isə qadın idi. Bu qurbanların çoxu xüsusi amansızlıqla öldürülmüş, onların bəzilərinin kəllə sümükləri deşik-deşik olmuş, bəzilərinin isə bədən üzvləri kəsilmişdi. Bu fakt bir daha sübut etdi ki, 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdiyi qırğınların miqyası düşündüyümüzdən daha geniş olmuşdur. Üzə çıxan yeni tarixi sənədlər və faktlar sübut etdi ki, ermənilər təkcə Bakıda və onun ətrafında deyil, Azərbaycanın bütün bölgələrində dinc əhaliyə qarşı soyqırımı həyata keçirmişlər.Aşkarlanmış kütləvi məzarlığın gələcək nəsillər üçün tarixi bir fakt kimi qorunması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına qərar verilmişdir. Bu kompleksin tikintisi 2012-2013-cü illərdə tamamlanmış və 18 sentyabr 2013-cü ildə istifadəyə verilmişdir. Quba Soyqırımı Memorial Kompleksi təkcə bir abidə deyil, həm də tariximizin canlı şahididir. Burada ermənilərin törətdiyi qətliamlar haqqında geniş məlumatlar verilir, arxeoloji tapıntılar nümayiş olunur və xalqımıza qarşı törədilmiş cinayətlərin unudulmaması üçün xüsusi ekspozisiyalar təşkil edilir. Kompleks 3,5 hektar ərazini əhatə edir və burada muzey, sərgi zalları və kütləvi məzarlıq sahəsi yer alır.
Tarix göstərir ki, zorakılıq və etnik təmizləmə üzərində qurulmuş ideologiyalar daima iflasa uğrayır. Azərbaycan xalqı öz tarixi həqiqətini dünyaya çatdırmaq üçün mübarizəsini davam etdirir və bu qanlı hadisələri heç vaxt unutmayacaq!
Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru