AnalitikaGündəmSiyasət

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsini sındıra bilmədi

Azərbaycan xalqının müasir tarixində 20 Yanvar faciəsi qanla yazılmış, lakin milli iradə və azadlıq ruhu ilə ucaldılmış ən şərəfli səhifələrdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının hərbi birləşmələri tərəfindən Bakıda və ölkənin bir sıra bölgələrində dinc əhaliyə qarşı törədilən kütləvi qırğın xalqımızın azadlıq mübarizəsini boğmaq məqsədi daşıyırdı. Lakin bu qanlı hadisə əksinə, Azərbaycan xalqının müstəqillik iradəsini daha da gücləndirdi və milli azadlıq yolunda dönüş nöqtəsinə çevrildi.

Həmin gecə tanklar, zirehli texnika və ağır silahlarla silahlanmış ordu bölmələri heç bir xəbərdarlıq etmədən şəhərə yeridildi. Qadın, uşaq, qoca demədən günahsız insanlar gülləbaran edildi. Rəsmi məlumatlara görə, 130-dan çox insan şəhid oldu, yüzlərlə insan yaralandı, minlərlə ailə faciə ilə üzləşdi. Bu hadisə təkcə hərbi cinayət deyil, eyni zamanda insanlığa qarşı törədilmiş ağır bir cinayət idi.

20 Yanvar faciəsi Azərbaycan xalqının ləyaqətini sarsıda bilmədi. Əksinə, xalq öz şəhidlərinin qanı bahasına azadlıq istəyindən geri dönmədiyini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərin dəfn mərasimi milyonlarla insanın iştirak etdiyi ümumxalq etirazına və milli həmrəyliyə çevrildi. Həmin gün Azərbaycan xalqı tarix qarşısında bir daha sübut etdi ki, zorakılıq və repressiya milli iradəni sındıra bilməz.

Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi siyasi-hüquqi qiymət faciənin mahiyyətinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Onun təşəbbüsü ilə bu qanlı hadisəyə dövlət səviyyəsində siyasi qiymət verildi, günahkarlar ifşa olundu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin xatirəsi daim uca tutulur, onların adları əbədiləşdirilir, ailələrinə xüsusi diqqət və qayğı göstərilir.

20 Yanvar şəhidləri Azərbaycanın müstəqillik tarixinin ilk şəhidləri olmaqla yanaşı, milli azadlıq ideyasının rəmzinə çevrilmişlər. Bu faciə bizə azadlığın hansı bədəllə əldə edildiyini xatırladır və gələcək nəsillərə vətənpərvərlik, milli məsuliyyət və birlik dərsi verir.

Faciədən 36 il keçməsinə baxmayaraq, 20 Yanvar Azərbaycan xalqının yaddaşında sağalmaz bir yara, eyni zamanda qürur mənbəyi kimi yaşayır. Biz şəhidlərimizin xatirəsini dərin ehtiramla anır, onların bizə miras qoyduğu müstəqil dövləti qorumağı və inkişaf etdirməyi özümüzə borc bilirik. 20 Yanvar – həm hüzn, həm də milli qürur günümüzdür.

Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button