Müstəqillik tariximizində 20 Yanvar cinayətlərinin törətdiyi faicə xalqımızın mübarizə əzminin əməli sübutu idi. Milli özünüdərk, şüurun oyanışı, öz kimliyinə sahib çıxmaq, dünyanın ən müqəddəs şərbəti azadlıq üçün döyünən ürəklərin acısının vəğan etdiyi gecə idi. Yanvarın iyirmisi gecəsinə hüququn, insan haqlarının qəsdən pozulduğu ağır bir cinayətin qaranlığı çökdü. Dünyanın dəyişən tarixində Azərbaycan xalqının mübarizə əzmi dünyaya meydan oxudu. Ruhu azadlığa bağlı olan bir xalqın oyanış gecəsində təcavüzün izləri hüzunə çevrilib qəlbimizdə qürurla bərabər kədərə çevrildi. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
XX əsrin 80-ci illərindən başlayan siyasi təlatüm SSRİ-nin dağılmasının ayaq səsləri idi. Zülm üzərində qurulan imperiyanın sonu demokratik dəyərlərin yenidən canlanacağı torpaqlarımız yenə günahsız vətənsevərlərin qanına boyanacaqdı. Düşünülmüş, xaincəsinə ortaya atılmış xəyanətin özündə 20 Yanvar faciəsi var. İnsanların yaşamaq haqqının amansızca əlindən alındığı gecə böyük məqsədlərə xitab edirdi. Milli şüurun, azadlıq ideallarının qan gölündə boğulması hədəflənmişdi. Siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin səbəbləri açıq aşkar ortada idi. Hüriyyət ideyalarını ölümlə təhdid edən Qanlı Yanvar azadlıq ruhunun qamətini dikləşdirib ayaqlanması ilə bütün xain planlar puç olmuşdu. Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir.
Əvvəlcədən planlaşdırılmış hərbi cinayət xalqımızın ağır tarixi sınaqlarından birinə çevrildi. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Fövqəladə vəziyyət elan olunanadək törədilmiş cinayətlər insan hüquqlarının pozuntusunun əsas göstəricisi idi. “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin, fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
Qanlı yanvar hadisələrin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda cəmi 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. 20 Yanvar faciəsinin qanlı mənzərəsi tariximizin qan yaddaşına çevrildi. 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular. Hadisələr zamanı dövlət idarəçiliyindəki rəhbərlərin etinasızlığı isə əsl xəyanət idi. Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəldi. 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılaraq qaytarılmadı.
20 Yanvar hadisələri Azərbaycan xalqını müstəqillik uğrunda daha mətin vuruşmağa sövq etdi. Ümummilli amala çevrilən müstəqillik ideyaları xalqımızın fədakar, əzmli övladları sayəsində canlanmışdı. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilərək dönməz xarakter alıb. Xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Qanlı Yanvar hadisələrinin ilk hüquqi qiymətin verilməsi dahi şəxsiyyət Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 20 Yanvar hadisələri ilə bağlı həqiqətlərin ifşa olunmasına xidmət edən fəaliyyət böyük əhəmiyyət daşıyır. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyev söylədiyi kimi “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”
Milli həmrəyliyin təzahürü nəticəsində Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi