21 noyabr ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalilarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların şəristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirdi.1992-ci ildə Xalq Cəhbəsi hakimiyyətə gəldi. AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Meydanın boş olduğunu görən erməni təcavüzkarları işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi.Həmin vaxtlarda Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmış və respublika beynəlxalq aləmdə təklənmişdi. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmaga,onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin — partiyanın yaranması zamanın tələbi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması tarixi şəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir:“Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”. Bu gün YAP öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir.Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.
Kənan Abdullayev,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 3№-li SİƏD üzrə məsul işçi



