AnalitikaGündəmOrdu

26 İyun – Azərbaycan Ordusunun Şərəf Günü

Hər il iyunun 26-sı gəldikdə Azərbaycan xalqı qəlbində xüsusi bir hörmət və qürur hissi ilə Silahlı Qüvvələrin bayramını qeyd edir. Bu, sadəcə təqvimdə qeyd olunan adi bir tarix deyil – bu, millətin öz torpağını, öz varlığını qoruma əzminin, gənc nəslin Vətən sevgisi ilə tərbiyə olunmasının və xalqımızın ən ağır günlərində belə ruhdan düşməməsinin simvoludur.

Düşünəndə ki, bu gün uzaq 1918-ci ildən bəri yaşayan bir ənənənin davamıdır, insan istəmədən tarixin nə qədər dolğun və mənalı olduğunu hiss edir. O zaman da, indi də Azərbaycan xalqının arzusu eyni olub – öz dövlətini, öz torpağını özü qorumaq, kiminsə kölgəsi altında deyil, sərbəst və müstəqil yaşamaq. Sovet dönəmində bu arzu illərlə yuxuda qalsa da, heç vaxt unudulmadı, və müstəqillik yenidən qazanılan kimi xalq elə bu köhnə amalına – özünün milli ordusuna – qayıtdı.
Bu bayram tariximizin ən şərəfli səhifələrindən birini özündə əks etdirir və müstəqil dövlətçiliyimizin əsas dayaqlarından olan ordu quruculuğu prosesinin başlanğıcını simvolizə edir.
1998-ci ildən başlayaraq bu tarix rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.
Peşəkar milli ordunun yaradılmasına ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılıb, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilib. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilib. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilib.
Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi prosesinə isə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra başlanılıb. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılıb, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilib. Ulu öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ olub. Hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxlayıb. Hələ sovet dönəmində Ulu öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılıb. Fəxrlə deyə bilərik ki, Ümummilli liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan ordusudur.
Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə silahlı qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunub, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilib. Ölkə Prezidenti cənab İlham Əliyev demişdi: “Ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi – böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi”.
Vətən müharibəsinə kimi ötən müddətdə ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər gördü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranması reallaşdırıldı.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən hərbi quruculuq siyasəti nəticəsində Azərbaycan Ordusu bölgənin ən güclü və müasir silahlı qüvvələrindən birinə çevrilmişdir. Son illərdə aparılan ardıcıl islahatlar, müasir hərbi texnika ilə təminat və yüksək döyüş hazırlığı ordumuzun gücünü qat-qat artırmışdır.
Bu gün Azərbaycan Ordusu haqqında danışanda, sözsüz ki, ilk yada gələn 2020-ci ilin payızıdır. O payız bütün xalq üçün, doğrudan da, taleyüklü oldu. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz 30 ilə yaxın yad tapdağı altında qalan torpaqları bir-bir geri qaytardı. İnsan o günləri xatırlayanda hələ də ürəyində bir titrəyiş hiss edir – sevinc, qürur, həm də illərdir çəkilən ağrının yüngülləşməsi. Şuşa, Laçın, Kəlbəcər, Ağdam – bu adlar artıq sadəcə coğrafi məkanlar deyil, hər biri ordumuzun şərəf salnaməsinin bir səhifəsidir.
Amma bu zəfərin arxasında nə qədər ağır itkilər, nə qədər ana göz yaşı, nə qədər gənc ömür dayanır, bunu unutmaq olmaz. Bu bayram günündə ən başda Vətən uğrunda şəhid olanları xatırlamaq lazımdır. Onlar bizə sülh içində yaşamaq hüququ bəxş etdilər, özləri isə bu hüquqdan məhrum oldular. Onların ailələrinin çəkdiyi ağrı heç vaxt tam yox olmayacaq, amma bilməliyik ki, bu fəda boş yerə getməyib – torpaqlarımız azaddır, bayrağımız o torpaqlarda dalğalanır.
Bu gün həm də ordumuzun bugünkü üzünə baxmaq, onun nə qədər inkişaf etdiyini görmək günüdür. Müasir silah-sursat, peşəkar zabit korpusu, beynəlxalq səviyyədə tanınan hərbi məktəblər, daim təkmilləşən döyüş hazırlığı – bütün bunlar bir-iki ildə yox, onilliklər boyu aparılan ardıcıl siyasətin nəticəsidir. Ordumuzun bu günkü gücü göstərir ki, Azərbaycan dövləti öz təhlükəsizliyini heç kimə həvalə etməyib, özü qoruyub və qoruyacaq.
26 iyun günündə təkcə döyüş meydanlarında olan əsgərləri yox, həm də onların ailələrini – analarını, atalarını, həyat yoldaşlarını, övladlarını da xatırlamağa dəyər. Çünki hər bir əsgərin arxasında onu gözləyən, ona dua edən bir ev var. Onların da çəkdiyi sıxıntı, gözlədikləri xəbərlər, yaşadıqları narahatlıq – bunlar da bu bayramın görünməyən, amma çox real tərəfidir. Bu gün ən çox arzu olunan şey sadədir – əbədi sülh. Ordumuzun gücü qorxutmaq üçün yox, qorumaq üçündür. Xalqımız müharibə istəmir, sadəcə öz torpağında, öz evində, heç kimdən asılı olmadan yaşamaq istəyir. Və bu arzunun gerçəkləşməsində Azərbaycan ordusunun rolu danılmazdır.
Bu əlamətdar gündə doğma Vətənimizin sərhədlərini hər an qoruyan, sülh və əmin-amanlığımızın təminatçısı olan bütün hərbçilərimizi – zabit və əsgərlərimizi səmimi qəlbdən təbrik edirik!
Vətən üçün canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha ehtiramla əyilir, onlara Allahdan rəhmət diləyirik. Müharibə veteranlarına və qazilərimizə uzun ömür, sağlamlıq arzulayırıq.
Qüdrətli Azərbaycan Ordusuna daim uğurlar, Vətənimizə əbədi sülh, firavanlıq və əmin-amanlıq arzu edirik!

Kamran Kazımov,
YAP Astara rayon təşkilatı Astara Pedaqoji Kolleci üzrə ərazi partiya təşkilatının sədri, Kollecin direktoru, filologiya elmlər doktoru, şəhid atası 

 

Oxşar Xəbərlər

Back to top button