
3 oktyabr 1993-cü il Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində mühüm və əlamətdar günlərdən biridir. Həmin gün xalqımız öz iradəsini nümayiş etdirərək Ulu Öndər Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.
Bu tarixi hadisəyə aparan yol heç də asan və maneəsiz olmayıb. 1993-cü ilin mürəkkəb siyasi və ictimai şəraitində Azərbaycanın qarşısında ciddi sınaqlar və taleyüklü vəzifələr dayanırdı. Belə ağır bir dövrdə Ulu Öndər Heydər Əliyev böyük siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və uzaqgörənliyi ilə ölkənin taleyinə məsuliyyətlə yanaşdı.
Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı, Ali Sovetin sədri seçilməsi və daha sonra Prezident səlahiyyətlərini həyata keçirməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoydu. Onun bu yolda göstərdiyi əzm, iradə və fədakarlıq xalqın ona olan inamını daha da möhkəmləndirdi.
3 oktyabrda keçirilən Prezident seçkiləri isə xalqın Ulu Öndərə olan etimadının və böyük inamının parlaq ifadəsi oldu. Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycanın dövlətçilik tarixində sabitlik, dövlət quruculuğu və milli inkişaf baxımından yeni mərhələ başladı.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin əsas qayəsini Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, xalqımızın təhlükəsizliyinin və rifahının təmin olunması, ölkəmizin beynəlxalq aləmdə layiqli mövqeyinin formalaşdırılması təşkil edirdi.
Bu gün 3 oktyabr tarixini böyük ehtiramla xatırlayarkən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə göstərdiyi misilsiz xidmətləri, çəkdiyi zəhməti və xalqımız qarşısındakı tarixi xidmətlərini minnətdarlıq hissi ilə yad edirik.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri



