AnalitikaGündəmSiyasət

31 Mart Azərbaycan tarixində faciəli günlərdən biri kimi yadda qalıb

31 Mart 1918-ci il Azərbaycan tarixində faciəli günlərdən biri kimi yadda qalıb. Həmin dövrdə bolşeviklərin dəstəyi ilə erməni silahlı dəstələri Bakı və Azərbaycanın müxtəlif bölgələrində dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Martın sonundan aprelin əvvəlinə qədər davam edən bu hadisələr zamanı minlərlə azərbaycanlı, o cümlədən qadın, uşaq və yaşlı insanlar qəddarlıqla qətlə yetirilib. Bu soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və Lənkəran bölgələrində geniş miqyas alıb. Təkcə Bakıda üç gün ərzində 12 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, evlər yandırılıb, tarixi abidələr məhv edilib.

Erməni millətçilərinin əsas məqsədi Azərbaycan torpaqlarında etnik təmizləmə apararaq “Böyük Ermənistan” ideyasını həyata keçirmək idi. Mart qırğınları bu siyasətin bir hissəsi kimi həyata keçirilib. Bolşevik rəhbəri Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti bu hadisələrə göz yummaqla yanaşı, qırğınlara dəstək verib. 31 Mart soyqırımı uzun illər gizlədilib və yalnız 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə bu faciə rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu qərar tarixi ədalətin bərpasına və Azərbaycan xalqının öz keçmişini unutmamasına xidmət edir. Quba rayonunda aparılan arxeoloji qazıntılar zamanı 2007-ci ildə kütləvi məzarlıq aşkar edilib. Bu fakt həmin dövrdə baş verən qırğınların miqyasını bir daha sübut edib. Quba Soyqırımı Memorial Kompleksi 2013-cü ildə açılaraq bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır. 31 Mart Azərbaycan xalqının yaddaşında silinməz bir iz buraxıb. Bu tarix, yalnız faciə deyil, həm də milli birlik və mübarizə ruhunun simvoludur. Bu soyqırımın beynəlxalq miqyasda tanınması və günahsız insanların xatirəsinin daim yaşadılması Azərbaycan xalqının qarşısında duran əsas vəzifələrdən biridir.

Orxan Abdullazadə,
Yap-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button