
Əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin 30 mart – 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım olub. Bu soyqırım amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir.Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, Daşnaksütyun partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.Azərbaycanlılara qarşı soyqırımı törədən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən qadın,uşaq və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib. Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3 257 kişi, 2 276 qadın və 2 196 uşaq öldürülüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə bir edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə qiymət vermək və ermənilərin dəstəyi ilə iki yüz il ərzində həyata keçirdiyi soyqırımın faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı. Bu həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandı. Ümummilli Lider 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu imzalanam fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması ilə deyil, erməni terrorizminin ifşa olunması baxımından xalqımızın taleyində əhəmiyyətli rol oynadı. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq, Azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması həyata keçirilməyə başladı. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, Azərbaycanın əzəli əraziləri bundan sonra da Azərbaycanın nəzarəti altında olacaq. Güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla yanaşı bütün problemlərin hər zaman uğurla həllini tapmaq iqtidarındadır. Tarix heç zaman unudulmur, həm də yazılır. Belə ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında qətiyyətli şəkildə verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edildi. Azərbaycan xalqı və hökuməti hər zaman soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, dünya ictimaiyyətini bu tarixi hadisələrdən dərs almağa, erməni faşizminin əsl mahiyyətini ifşa etməyə çağırır.
Abbasova Yeganə,
YAP-ın fəalı