AnalitikaGündəmSiyasət

31 mart Azərbaycanlıların soyqırım günüdür

XX əsrin əvvəllərində, 1905-1907-ci illərdə ermənilər əvvəlcə Bakıda, sonra isə Azərbaycanın digər bölgələrində və Qafqazda soyqırım törədiblər. 1918-ci il hadisələri daha da dəhşətli idi. 1918-ci ilin mart-aprel aylarında ermənilər dinc azərbaycanlı əhaliyə qarşı amansız qırğınlar törədiblər. Ermənilər tərəfindən Bakı və Gəncə bölgələrində, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan mahallarında və Azərbaycanın digər bölgələrində qanlı qırğın törədilib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım XX əsrin sonlarında təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalıda misli görünməmiş qırğın törədiblər. Bu qanlı faciə minlərlə azərbaycanlının məhvinə, əsirliyinə və şəhərlərin dağıdılmasına səbəb oldu. Bu vəhşiliklər nəticəsində 613 nəfər öldü, 487 nəfər əlil oldu və 1275 mülki şəxs – qocalar, uşaqlar və qadınlar əsir götürüldü, ağlasığmaz zorakılığa və işgəncəyə məruz qaldı. Ermənilər Bakıda, Qubada, Şamaxıda, Gəncədə, Naxçıvanda, Qarabağda, Zəngəzurda, İrəvanda və başqa yerlərdə azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqla davranırdılar. Bəzi məlumatlara görə, bir neçə yüz min insan vəhşicəsinə öldürüldü və yüzlərlə kənd dağıdıldı. Dağlıq Qarabağda erməni separatçılarının sərgüzəştli hərəkətləri nəticəsində bir milyondan çox soydaşımız öz doğma torpaqlarından didərgin salınıb. Ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub.

1918 -ci ilin mart ayının sonu-aprel ayının əvvəllərində Bakıda və ətraf kəndlərdə baş verən dəhşətli qırğınlar nəticəsində 15 000-dən çox günahsız insan qətlə yetirilmişdir. 1919 və 1920-ci illərdə 31 mart Azərbaycan Xalq Cümhuriyyətində matəm günü kimi qeyd olunurdu. 1918-ci ilin iyulunda Naxçıvan ərazisinin ələ keçirilməsindən sonra daşnak Andranik Göyçay və Zəngəzurda azərbaycanlıların məskunlaşdığı kəndləri qarət etməyə və yandırmağa, həmçinin dinc sakinləri öldürməyə başladı. Bütün bu barbar hərəkətlərə bolşevik komissarı, daşnak Stepan Şaumyan rəhbərlik edirdi.

Azərbaycanda martın 31-də qeyd olunan rəsmi anım günü Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə müəyyən edilmişdir. Bu Fərman ermənilərin “Böyük Ermənistan” yaratmaq ideyası naminə törətdikləri vəhşiliklərə siyasi və hüquqi qiymət verən ilk sənəd idi.

Son illərdə ümummilli lider Heydər Əliyevin tarixi Fərmanı ilə aparılan araşdırmalar nəticəsində bir çox yeni faktlar və sənədlər toplanmış, Qubada kütləvi məzarlıq aşkar edilmişdir. Aşkar edilmiş tarixi faktlar göstərir ki, 1918-ci ilin mart – aprel aylarında və ondan sonra erməni millətçilərinin qanlı hərəkətlərinin coğrafiyası daha geniş olub, faciə qurbanlarının sayı isə dəfələrlə çoxdur. Prezident İlham Əliyevin 28 yanvar 2018-ci il tarixində imzaladığı fərmana əsasən, azərbaycanlıların 1918-ci il soyqırımının 100-cü ildönümü təkcə Azərbaycanda deyil, həmvətənlərimiz, diaspor təşkilatları və xaricdəki səfirliklərimiz tərəfindən də geniş qeyd olunub.

Dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları 31 Mart, Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər təşkil edirlər. Soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər martın 31-də Los-Anceles, Hyuston, Nyu-York, Vaşinqton, San-Fransisko, və Amerikanın digər şəhərlərində keçiriləcək. Kanadada 1918-ci ildə baş verən faciəli hadisələrin qurbanlarının xatirəsi Toronto, London, Vankuver, Monreal və digər şəhərlərdə yad edilir. Həmçinin xaricdə yerləşən diaspora və həmvətənlərimiz tərəfindən martın 31-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər Meksika, Estoniya, Rumıniya və digər ölkələrdə də keçirilir.

Qeyd olunduğu kimi 18 yanvar 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanlıların 1918-ci il soyqırımının 100-cü ildönümü haqqında” fərman imzalayıb və bu sərəncamda deyilir: “Aşkar edilmiş tarixi faktlar sübut etdi ki, erməni millətçilərinin 1918-ci ilin mart-aprel aylarında və sonrakı mərhələlərdə həyata keçirdikləri qanlı aksiyaların coğrafiyası daha genişdir, faciə qurbanlarının sayı isə dəfələrlə çoxdur”. Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini hər zaman uca tutmuşdur, bütün dünyanı bu tarixi hadisələrdən öyrənməyə, erməni faşizminin əsl simasını görməyə çağırırıq!

Əliyeva Nigar,
Azərbaycan Dövlət Pedaqoji universiteti müəllimə   

Oxşar Xəbərlər

Back to top button