AnalitikaGündəmSiyasət

31 mart “Azərbaycanlıların Soyqırımı Günü”

Hələ 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumən, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib.

Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri,  məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”

1917-1918 ci illərdə ermənilər 140 min azərbaycanlını qətl edib, 700 yaşayış məntəqəsi məhv edilib 1918 mart- iyul ayında  50 mindən çox soydaşımız erməni fasızımın qurbanı olub Bakıda 12 min nəfər qətl edildi  Şamaxı qəzasında 53 kəndində 16 min nəfər   Lənkəranda 2 min insan öldürüldü Quba qəzasında 167 kənd dağıdılıb.

Hələ XIX əsrin 2-ci yarısından Şimali Azərbaycanda milli azadlıq hərəkatı başlamışdı. Bu hərəkatın ilk məqsədi xalqı marifləndirmək  milli şüuru oyatmaq və  xalqı bir araya gətirmək idi Sonrakı məqsəd isə Rusiyanın tərkibində milli ərazi muxtariyyəti almaq  idi Lakin Çar Rusiyası xalqın tələblərini rədd edir və yenə də  müstəmləkə siyasətini davam etdirmək istəyirdi . Buna görə də artıq müstəqillik arzusu daha da qabardı . Bu arzunun qabarmaq cəhətini ən önmli hissəsi isə azərbaycanlılara qarşı hələ 1905-ci ildən başlayaraq ermənilərin əli ilə törədilən qırğınlar idi . Bu zaman 10 minlərlə əhali qırğına məruz qaldı.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

Qarayev Şikar,
Xəzər rayonu, H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button