
“Hər il 31 Mart tarixi Azərbaycan xalqı üçün dərin hüzn və milli yaddaşın qorunması günü kimi qeyd edilir. 1918-ci ildə bolşeviklərin və erməni daşnaklarının birgə həyata keçirdiyi qanlı hadisələr nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilmiş, kəndlər və şəhərlər yandırılmış, mədəni irsimiz məhv edilmişdir. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət kimi yadda qalmalıdır”.
Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Mart hadisələrinin beynəlxalq səviyyədə tanıdılması və tarixi ədalətin bərpası istiqamətində ciddi addımlar atılmışdır. Azərbaycan dövləti tariximizin bu acı səhifəsinin unudulmaması üçün sistemli və ardıcıl iş aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin diplomatik, elmi və siyasi dairələrində bu faciə ilə bağlı geniş maarifləndirmə aparılır, beynəlxalq təşkilatlarda məsələ qaldırılır və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımlar atılır:
“Bu gün Azərbaycan dövləti müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün güclü siyasət yeridir. 31 Mart Soyqırımı Günü bizə milli birliyimizin və suverenliyimizin nə qədər qiymətli olduğunu bir daha xatırladır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz regional və qlobal miqyasda nüfuzunu artırır, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində önəmli uğurlar əldə edir”.
Onun sözlərinə görə, bu faciəni unutmaq olmaz. Hər bir azərbaycanlı 31 Mart Azərbaycanıların Soyqırımı Gününü yalnız keçmişin bir hissəsi kimi deyil, həm də gələcək nəsillərə tarixi ədalətin bərpası yolunda bir dərs kimi çatdırmalıdır. Azərbaycan dövləti və xalqı bu məsələdə həmişə birlik içində olacaq və ədalətin bərpası üçün mübarizəsini davam etdirəcəkdir.