Analitika

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.Ümumiyyətlə, “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib.  Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin martın 31-dən başlayan və aprelin 3-dək davam edən soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. 1918-ci ilin 31 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Onu da qeyd edək ki, bu qırğınların həyata keçirilməsində erməni cəlladlarının Daşnaksutyun partiyası xüsusi fəallıq göstərmişdir. Qırğınlarda onların 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan verməmişdi. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Aynur Həsənova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button