Analitika

31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. 31 Mart soyqırımı ermənilərin öz havadarlarının köməyi ilə iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bildirilib ki, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir. Bununla yanaşı, bir neçə il əvvəl Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib. Bir sözlə, bu Sərəncam Azərbaycan Prezidentinin dövlətçilik tariximizə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə verdiyi yüksək dəyər, Azərbaycan Respublikasının öz sələfinin hüququ və mənəvi mirasına sədaqətini nümayiş etdirdiyinin reallığıdır. Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən 22 il ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni terrorçularının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əvvələrində Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir. Dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button