AnalitikaOrdu

44 günlük Vətən müharibəsi dünya tarixində misli görülməmiş qəhrəmanlıq salnaməsi idi

Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibənin başa çatmasından  bizi 1 il ayırır. Ötən ilin sentyabrın 27-də Ermənistan tərəfinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına start verdi. Çünki 12 iyul təxribatı zamanı aldığı zərbədən nəticə çıxarmayan, avqustun 23-də Diversiya Qrupunun iflası ilə üzləşən düşmən cəbhəboyu zonada yerləşən hərbi hissələrimizi, dinc əhalini artilleriya qurğularından intensiv atəşə tuturdu. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksək hazırlıq səviyyəsi Ermənistanın bütün planlarını alt-üst etdi. Qüdrətli Azərbaycan ordusunun bir il öncə həyata keçirdiyi əks – hücum əməliyyatlarını “İldırım sürətli müharibə” adlandırmaq olar. Həmin igidlər 30 il ərzində “biz döyüşməyə hazırıq, lazım olsa ölümə də gedərik” ifadəsinin yalnızca söz xatirinə deyilmiş olmadığını sübut etdi. Bəs son damla qanına qədər vuruşan döyüşçülərimizdə bu əzm hardan idi? Çünki onlar öz əzəli və əbədi torpaqlarımız uğrunda döyüşürdü. Azərbaycan Respublikasının Konstitusiyasına görə “Azərbaycan Respublikası öz təhlükəsizliyinini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır”. Bəli müdafiəsini təmin etmək məqsədilə. Azərbaycan dövləti heç zaman heç kimin torpağına göz dikməmiş və öz ərazisinə aid olmayan torpaqlar barədə ərazi iddiasında olmamışdır. Ali Baş Komandanın da dediyi kimi, “biz öz torpaqlarımızda vuruşuruq”. Qarşı tərəfin 30 il ərzində işğal altında olan ərazilərdə qurduğu istehkamlar, çoxpilləli maneələr, üstəlik beynəlxalq tribunalarda mövcud ikili standartlar, habelə Ermənistana verilən silah yardımı əməliyyatların 44 gün ərzində bitəcəyini proqnozlaşdırmağa imkan vermirdi. Ancaq xalq – ordu – lider birliyi, azərbaycanlıların doğma torpaqlarına bağlılığı və bu millətin vətənpərvərlik duyğuları, hətta Ermənistana siyasi – hərbi dəstək ifadə edən bəlli ölkələri də mat vəziyyətə saldı. Vətən müharibəsi ilə qazanılan tarixi zəfərin ölkəyə verdiyi əhəmiyyəti Azərbaycan xalqı heç vaxt unutmayacaq. Bu qələbə təkcə işğal altında olan 20 faiz torpağın azad edilməsi deyil, bu qələbə millətin dirçəlişi, oyanış və ruhi qida xarakteri daşıyan, özünə qayıdışın mənəvi simvolu idi. 8 noyabr 2020-ci il. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!  Zəfərin mübarək, Azərbaycan!

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button