Analitika

44 günlük Vətən müharibəsi

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı və tarixi qələbəsi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərin tezliklə bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması və məskunlaşdırılması, regionun gələcək sosial-iqtisadi inkişafı hazırda əsas müzakirə mövzsudur. Bütün bunlar isə olduqca çətin və yüksək məbləğdə vəsait tələb edən prosesdir. Bu isə dövlətin imkanlarının səfərbər olunması ilə yanaşı, digər maliyyə mənbələrinin də cəlb edilməsi vacib və arzu olunandır. Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dediyi kimi: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram.

Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”.Bu istiqamətdə çox mühüm qərar qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.Bir sıra dost ölkələr – Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıbArtıq Qarabağda quruculuq işləri sahəsində xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək. İşğaldan azad olunmuş Qarabağda ərazilərin sistemli şəkildə bərpa və yenidənqurma işləri həyata keçiriləcək, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcəkdir. Böyük vəsait tələb edəcək və Qarabağı yenidən cənnət bir məkana çevirəcək bu tədbirlərin maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübədən də istifadə edilməsi ölkəmiz üçün faydalı ola bilər.

Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

Oxşar Xəbərlər

Back to top button