AnalitikaGündəmSiyasət

“8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji diplomatiyasında yeni bir zirvənin fəth olunduğunu göstərir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində etdiyi çıxış ölkəmizin enerji sektorunun keçdiyi tarixi yolun və gələcəyə dair strateji hədəflərinin parlaq təcəssümüdür. Bu çıxış eyni zamanda Azərbaycanın dövlətçilik iradəsinin, iqtisadi müstəqilliyinin və milli təhlükəsizliyinin enerji siyasəti ilə necə vəhdət təşkil etdiyini göstərir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, 1880 meqavat gücə malik “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Mingəçeviri bütövlükdə Cənubi Qafqazın energetika mərkəzinə çevirir. Stansiyanın rekord müddətdə – cəmi iki il ərzində istifadəyə verilməsi Azərbaycanın mühəndislik, təşkilati və diplomatik gücünün bariz nümunəsidir. Son 20 ildə Azərbaycanın enerji infrastrukturu faktiki olaraq yenidən qurulmuşdur. Yeni stansiyalar inşa edilmiş, mövcud obyektlər modernləşdirilmişdir. 2018-ci ildə başlanan “Azərbaycan” İES-in yenidənqurma prosesi və bu gün 400 meqavata yaxın gücə malik Su Elektrik Stansiyası ilə birlikdə Mingəçevirdə istehsal edilən enerji ölkə üzrə ümumi istehsalın 40 faizindən çoxunu təşkil edir.

““8 Noyabr” Stansiyasının inşasında İtaliya və Çin şirkətlərinin iştirakı Azərbaycan diplomatiyasının uğurlarını və strateji tərəfdaşlıq əlaqələrinin səmərəsini nümayiş etdirir. Bu iki ölkə ilə imzalanmış strateji sənədlər təkcə siyasi əlaqələri deyil, iqtisadi və texnoloji əməkdaşlığı da yeni mərhələyə çıxarmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda tikilən günəş stansiyalarının əksəriyyətinin təchizatı Çin şirkətləri tərəfindən həyata keçirilir. Energetika hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanın 12 ölkəyə, onlardan 10-nun Avropa dövlətləri olmaqla, qaz ixrac etməsi ölkəmizin enerji diplomatiyasındakı lider rolunu təsdiqləyir. Avropa İttifaqının Azərbaycanı “etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı” kimi qiymətləndirməsi isə bu mövqeyin beynəlxalq səviyyədə təsdiqidir.

Onun sözlərinə görə, Stansiyanın “8 Noyabr” adlandırılması bu mühüm infrastruktur obyektinə milli qürur və Zəfər simvolizmi qazandırır. Bu addım Azərbaycanın inkişaf yolunun Vətən müharibəsində əldə olunan şanlı Qələbə ilə birləşdiyini nümayiş etdirir. Bu stansiya təkcə enerji deyil, həm də milli iradənin və dövlət gücünün təcəssümüdür. Prezident İlham Əliyevin “8 Noyabr” Elektrik Stansiyasının açılışındakı çıxışı Azərbaycan dövlətinin enerji sahəsində yürütdüyü uzaqgörən, məqsədyönlü və milli maraqlara əsaslanan siyasətin güclü ifadəsidir. Bu çıxış həm texniki, həm siyasi, həm də tarixi baxımdan strateji əhəmiyyət daşıyır və Azərbaycanın enerji diplomatiyasında yeni bir zirvənin fəth olunduğunu göstərir.

Oxşar Xəbərlər

Back to top button