Ağdamın işğaldan azad olunması ilə Qələbə əzmimiz daha da gücləndi
Sentyabrın 27-dən başlayan Vətən uğrunda müharibədə əldə etdiyimiz qələbələr silsiləsi hazırda da çox böyük uğurla davam etməkdədir. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olmuşdur. İşğaldan əvvəl Ağdamda 143 min insan yaşayırdı, hazırda isə rayon əhalisinin sayı 204 min nəfərdir. Ağdamın bir şəhər və 80 kəndi olmaqla ərazisinin 78 faizi ermənilərin əlinə keçmişdi. Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, 30 ilə yaxın müddət ərzində bu ərazilərdəki mülki əhaliyə məxsus evlər, infrastruktur obyektləri ilə yanaşı, tarixi, mədəni və dini abidələrimiz də daşnaklar tərəfindən vəhşicəsinə dağıdılmışdır. Cənab Prezidentin bildirdiyi kimi: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.
Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində yerləşən Üzərliktəpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu gümbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. Məhz tarixi memarlıq abilərindəndir. Rayonun adı da Qarabağ xanlığı ilə əlaqədardır. Belə ki, vaxtilə Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşlardan ibarət yay sarayı inşa edib, bu imarət ərazidə bir növ istiqamət ünvanına çevrilib. Bu mənada “Ağdam” – nurlanmış işıqlı, ağ ev anlamındadır. Artıq dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. Vəhşi ermənilərin bu torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaqdır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bildirmişdir ki, “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi



