AnalitikaGündəmSiyasət

Almaniya ilə Azərbaycanın siyasi-iqtisadi tərəfdaşlığı güclənir

Azərbaycan beynəlxalq arenada fəal xarici siyasət yürüdür. Bu siyasət ölkəmizin nüfuzunun artması ilə birlikdə son illərdə daha da möhkəmlənib. Dövlətimiz bir çox beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir, qlobal çağırışlara xüsusi diqqətlə yanaşır. Bu da öz növbəsində müxtəlif ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təsir edir. Azərbaycan təkcə qonşu ölkələrlə deyil, Avropa, Asiya, Amerika və Afrika dövlətləri ilə də ikitərəfli və çoxtərəfli formatda uğurlu əlaqələr quraraq siyasi, iqtisadi və mədəni əməkdaşlığı genişləndirir.

O cümlədən Almaniya və Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında inkişaf edir. Tarixən Avropanın iqtisadi nəhəngi və Cənubi Qafqazın enerji mərkəzi olan bu iki ölkə siyasət, enerji, ticarət və mədəniyyət sahələrində sıx əməkdaşlıq qurub. Azərbaycanın zəngin enerji ehtiyatları və mühüm nəqliyyat dəhlizlərindəki rolu, Almaniyanın isə yüksək texnologiyalar və sənaye potensialı tərəflər arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır.

Qeyd edək ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya Prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.

Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin il fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra – sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra iki ölkə arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri almanəsilli Lorentz Kuntz olub (Azərbaycanda alman icmasını təmsil edib). Hazırda da ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşılır.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün mühüm addımlardan biri oldu. Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi “bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək” sözləri bu münasibətlərin perspektivlərinə işarə edir. Xüsusilə iki ölkə arasındakı ticarət dövriyyəsinin ilin ilk iki ayında üç dəfə artması Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin sürətlə gücləndiyini göstərir. Almaniya həmçinin, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini də dəfələrlə bəyan edib. Frank-Valter Ştaynmayerin prezidentlərin mətbuata birgə bəyanatında “Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deməsi bunun əyani sübutudur. Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlət başçısı deyib: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

Hesab edirəm ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button