Analitika

Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Çünki bu, onlardan ötrü tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı.1992-ci ildə Milli Məclisin dövlət dilinin türk dili olması ilə bağlı qərarının qəbulu zamanı iclasda bu tələb kobud surətdə pozulmuşdu. Dövlət idarəçilyində zəngin təcrübəsi olan ulu öndər Heydər Əliyev də sonralar bu məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdir: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır”. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider ana dilimizi — Azərbaycan dilini özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olundu və onların çox böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.

Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi

Oxşar Xəbərlər

Back to top button