Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır.Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Liderin misilsiz xidmətləri olmuşdur. Belə ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı bütün sahələrdə inkişaf yoluna çıxardı. Hər bir dövlətin, xalqın kimliyinin, varlığının təqdimatında əsas amil olan dilimizin qorunması məsələsi əsas diqqət göstərilən məsələlər sırasında oldu.Ulu öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun isə ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktıdır.
Ulu Öndər Heydər Əliyevin siyasi xətti son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun Azərbaycan dilinin inkişafı, saflığının qorunması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir.Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixili Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbələrinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan dili dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin yaradılması” haqqında Sərəncamı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Beləliklə, bütün bu deyilənlər müstəqil Azərbaycan Respublikasında ana dilinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini bir daha təsdiqləyir.
Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı