Sosial

ANAR İSGƏNDƏROV-70: USTADIN TARİX VƏ HƏYAT DƏRSLƏRİ

Bakı Dövlət Universitetinin doktorantı Əli Babazadə yazır:

2018-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 2-ci kursunda oxuyurduq. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi idi. Biz orta məktəb kursundan, daha sonra universitetdə keçdiyimiz mövzular əsasında Şərqin ilk demokratik cümhuriyyəti haqqında müəyyən qədər biliklər əldə etmişdik. Bununla belə bu biliklər bir çox tələbə üçün hələ də ya tədris proqramının bir hissəsi idi, ya da tariximizin müəyyən bir xronoloji kəsimi. O vaxta qədər ki, BDU-da keçirilən Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi konfransda professor Anar İsgəndərov Cümhuriyyət haqqında məruzəsi ilə çıxış etdi. Bu mühazirədə Anar müəllim sanki, cümhuriyyət qurucularının bir-bir portretini çəkirdi. Hətta dəqiqliklə yadımdadır, Əkbər Ağa Şeyxülislamovun çarəsizlikdən Paris küçələrində dilənmək istəyi haqqında danışanda zaldakı hər kəsin qəhərlənməyi və səssizliyi fonunda nə qədər gəncin qəlbində cümhuriyyət sevgisi alovlanırdı…

Bu tədbirdə mənim də çıxışım var idi və tədbirdən sonra Anar müəllim mənə kitablarını bağışladı. Hansı ki, o kitabların hər biri tariximizin ən qaranlıq səhifələrini işıqlandıran böyük əsərlərdir. Ümumiyyətlə Anar müəllimin bütün kitabları, əsərləri, məqalələri gənc tarixçilər üçün yol xəritəsidir.

Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduq. Anar müəllim partiyanın təşkil etdiyi tədbirlərdə, görüşlərdə bizə Ümumilli Lider Heydər Əliyevin fəaliyyəti, YAP-ın ümumxalq partiyasına çevrilməsi, əqidəyə bağlılıq mövzularında elə mühazirələr oxudu ki, bu mühazirələr bir çox gəncin siyasi biliklərinin artmasında, Heydər Əliyev irsini araşdırmasında , öyrənməsində xüsusi rol oynadı.

Anar müəllimin ən böyük dərslərindən biri də Bakı Dövlət Universiteti ilə bağlı idi. 2019-cu ildə universitetin 100 illiyi ərəfəsində təşkil olunan bütün tədbirlərdə o, bizə universitetin tarixini, keçdiyi inkişaf yolunu, universitetin dəyərlərini xüsusi incəliklə danışırdı. Hətta universitet haqqında dediyi bir fikir mənim üçün bu müqəddəs ocağa yanaşmamda bir devizə çevrilib. 2019-cu ildə yüzilliklə bağlı AMEA-da bir dəyirmi masa təşkil olunmuşdu. Biz tələbələr də burada iştirak edirdik. Anar müəllim universitet haqqında fikirlərini bitirərkən sonda bu sözləri səsləndirdi: “Sənə bir arzum da var, mənim doğma universitetim: Sənin haqqında danışanda, yazanda çalışmalıyıq ki, yazdıqlarımız və dediklərimiz sənə layiq olsun!” Bu fikir universitetə qəlbən bağlı olan hər kəs üçün bəlkə də ən təsirli nəsihətdir…

Bu sadaladıqlarım böyük ustaddan auditoriyalarda aldığımız dərslərdən parçalar idi. Bununla belə Anar müəllimdən həm də böyük həyat dərsləri almışıq:
2020-ci ildə ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Bu dəfə Yeni Azərbaycan Partiyası tərəfindən parlamentə namizədliyi irəli sürülmüş şəxslər arasında Anar müəllimin də adını gördük. Bu xəbər bizim üçün çox sevindirici oldu. Yanvar ayından başlayacaq təbliğat-təşviqat kompaniyasında biz də məmnuniyyətlə iştirak etməyi özümüzə borc bildik. Seçkiyə sayılı günlər qalmış təbliğat dövrünün son görüşlərindən biri idi. Görüş iştirakçıları arasında ona orta məktəbdə dərs deyən, qocaman müəllim Urşan Tağıyev də var idi. Anar müəllim hər şeydən əvvəl ona təşəkkür etdi və böyük bir ehtiramla qarşıladı. Sonrakı günlərdə seçki qərərgahında da biz yenə bu ehtiramın şahidi olduq. Həmin günlərdə gördüklərimizdən çıxardığımız nəticə o oldu ki, insan nə qədər yüksək pillələrə qalxsa da müəllim adına hər zaman ehtiramla yanaşmalıdır.
Seçkiqabağı təbliğat dövründəki bütün çıxışlarında əmin olurduq ki, o həqiqətən xalqın adamıdır, xalqın içindən çıxan ziyalıdır, məhz xalqın özüdür. Bunun nəticəsi idi ki, fevral ayının 9-u Masallıda güclü qar və soyuq hava müşahidə olunsa da çox yüksək seçici aktivliyi oldu və xalq öz ziyalısını öz səsi kimi seçdi.

2024-cü ildə Anar İsgəndərov ikinci dəfə Yeni Azərbaycan Partiyasının namizədi kimi parlament seçkilərində iştirak etdi- yaşadığımız kəndin də daxil olduğu Lənkəran kənd dairəsindən.

Bu dəfə yenə də həm seçicisi, həm də tələbəsi kimi seçki kompaniyasında iştirak etmək qismət oldu. Mən bir daha şahid oldum ki, Anar müəllim bölgədə nə qədər sevilir. Ona dəstək olmaq üçün doğma Lənkəranın bütün aydın fikirli ziyalılarından tutmuş sadə kənd camaatına qədər hər kəs görüşlərdə ürəkdən iştirak edirdi, müəllim haqqında xoş sözlər deyirdi. Bu təbliğat dövründə Anar müəllim bir fikir səsləndirmişdi, hansı ki, bu fikir onun xalqa bağlılığının ən böyük ifadəsi idi: “Mən sizdənəm, siz də məndənsiniz. Biz eyni düşüncəli adamlarıq, eyni vətənin əsgəriyik. Əsgər balalarımız şəhid oldu bu vətən üçün, bizim də çalışmağımız vətən üçündür. O vətən Azərbaycandır. Bütün ömrümü onun tarixinə həsr eləmişəm…”

Seçkidən sonra həm də bir seçici kimi bir daha əmin olduq ki, ömrünü xalqın tarixinə, gənc nəslin təhsilinə, sağlam ruhda böyüməsinə həsr edən böyük ziyalını seçməklə ən doğru qərarı vermişik.

Anar müəllimdən aldığımız həyat dərsləri saymaqla bitməz. O bizə hər zaman doğru olmağı, ruhdan düşməməyi, həyatın çətin çətinliklərinə qarşı daim mübarizədə olmağı, ehtiyacı olana qəlbən kömək etməyi, çətində olana dəstək olmağı öyrədib, çünki, özü də həyatın bütün çətinliklərini görə-görə yüksəlib.

Anar müəllimin dövlətimiz qarşısında xidmətləri ölkə rəhbərliyi tərəfindən də hər zaman yüksək qiymətləndirilib. O, ölkədə hələ müəllim işləyərkən “Tərəqqi” medalına layiq görülən ilk ziyalı olub. Ustadın bir çox yüksək dövlət təltifləri də mövcuddur ki, bu təltiflər onun vətən qarşısıda böyük xidmətlərinin nəticəsidir.

Bu gün isə hər birimiz daha çox qürurluyuq, çünki, dəyərli ziyalımız Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.(9 yanvar, 2026-cı il)
Həm 70 illik yubileyi həm də bu yüksək etimada layiq görülməyi münasibətilə ustadımızı ürəkdən təbrik edirik. Möhkəm can sağlığı, işlərində uğurlar və ən gözəl günlər arzu edirik.
Sizi çox sevirik, əziz müəllimimiz !

Oxşar Xəbərlər

Back to top button