
Avropa çempionatında komanda hesabında birinciliyi qazanaraq böyük uğura imza atan Azərbaycan güləşçilərinin Prezident İlham Əliyev tərəfindən qəbul olunması idman ictimaiyyəti üçün əlamətdar hadisə oldu. Bu görüş təkcə qələbənin qeyd olunması deyil, həm də idmanın inkişafına verilən önəmin nümayişi idi.
Dövlət başçısı çıxışında vurğuladı ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda daim yüksək nəticələr göstərir və bu, ölkədə idmana yaradılan şəraitin göstəricisidir. O bildirdi ki, son illərdə idman infrastrukturu xeyli inkişaf etdirilib, yeni idman kompleksləri tikilib və bu da idmançıların daha yaxşı hazırlıq keçməsinə imkan yaradıb.
Prezident qeyd etdi ki, Avropa çempionatında qazanılan çempionluq Azərbaycan güləşinin gücünü bir daha təsdiqlədi. O, idmançıların hər birinin çıxışını yüksək qiymətləndirərək onların nümayiş etdirdiyi mübarizə əzminin xüsusi rəğbət doğurduğunu bildirdi. Dövlət başçısı əlavə etdi ki, belə qələbələr xalqımıza sevinc bəxş edir və milli qürur hissini daha da gücləndirir.
Görüş zamanı idmançılar çempionatın gedişi, keçirdikləri çətin qarşılaşmalar və əldə etdikləri nəticələr barədə məlumat verdilər. Onlar qeyd etdilər ki, yarışlar gərgin mübarizə şəraitində keçib və hər bir qələbə böyük zəhmət hesabına qazanılıb.
Görüşdə məşqçilər də öz növbəsində çıxış edərək komandanın hazırlıq prosesi haqqında danışdılar. Onlar vurğuladılar ki, uğurun əsas səbəblərindən biri düzgün planlaşdırılmış məşq proqramı və idmançıların yüksək motivasiyasıdır.
Sonda Prezident idmançılara gələcək yarışlarda uğurlar arzuladı və onların daim dövlət qayğısı ilə əhatə olunduğunu bildirdi. Bu görüş idmançılar üçün yeni nailiyyətlərə aparan yolda əlavə stimul oldu.
Günay Qəniyeva,
Xəzər rayonunun gənc fəalı,
Milli Aviasiya Akademiyasının II kurs tələbəsi



