
2025-ci ilin 28 mayında – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə Laçında baş tutan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli zirvə görüşü yalnız diplomatik hadisə olmayıb, həm də siyasi, hərbi və mədəni baxımdan yeni bir dövrün rəmzinə çevrildi. Bu görüşdə hər üç ölkənin ən yüksək səviyyədə təmsil olunması onu, sadəcə, dostluq deyil, strateji müttəfiqlik müstəvisinə də daşıdı. Bu zirvə görüşü üçün Laçının, onun uca dağlarının seçimi isə təsadüfi deyildi. Otuzillik işğaldan azad edilmiş ərazidə keçirilən zirvə görüşü Azərbaycanın gücünü və qələbəsini simvolizə edərək üç qardaşın zirvəsi kimi tarixə keçdi.
Ötən ilin iyulunda Astanada baş tutmuş birinci Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli zirvəsinin ardınca Laçında keçirilmiş ikinci zirvə dərin rəmzi məna da daşıyırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev buradakı çıxışında Laçında keçirilən görüşün tarixi əhəmiyyətini vurğulamaqla yanaşı, ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin regionda yaratdığı yeni reallıqlardan bəhs edərək qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək beynəlxalq hüququn prinsiplərini icra etmiş oldu. Bu yalnız Ermənistan üzərində qələbə deyildi, həm də beynəlxalq ədalətin təntənəsi idi. Prezidentin fikrincə, Laçında keçirilən bu görüş Azərbaycanın suverenlik və sülh çağırışının bir daha dünyaya təqdim olunmasıdır. Onun çıxışında diqqətçəkən məqam isə Azərbaycanın təkcə regional güc deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq platforması kimi çıxış etməsidir. Azərbaycanın rəsmi dövlət bayramının, 28 May – Müstəqillik Gününün qardaş ölkələrin liderləri ilə birgə Laçında qeyd olunmasını, burada görülən işlərə öz gözləri ilə şahidlik etmələrini məmnunluqla ifadə edən dövlət başçımız Prezident İlham Əliyev iqtisadi sahədə qardaş ölkələrlə həyata keçirilən çoxmilyardlıq investisiyaları, iqtisadiyyat, energetika, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdəki əməkdaşlığı qeyd edərək rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrinin əhəmiyyətini vurğuladı.
Azərbaycanın hər zaman qardaşlarından siyasi və mənəvi dəstək aldığını bildirən dövlət başçımız Türkiyənin və Pakistanın da çətin günlərində onların yanında olmaqdan böyük qürur duyduğunu məmnuniyyətlə ifadə etdi. Azərbaycanın Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlara sevindiyini, Pakistan və Hindistan arasında yaranmış münaqişə zamanı ilk gündən Pakistanla həmrəy olduğumuzu vurğulayan dövlət başçımız qardaş ölkələrin bir-birinə göstərdiyi dəstəyin dünya miqyasında yeni reallıqlar yaratdığını da xüsusilə vurğuladı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zirvədəki çıxışında Azərbaycanın qazandığı Zəfərin bütün Türk dünyasının qürur mənbəyi olduğunu bildirdi. Azərbaycanın Müstəqillik Günündə Laçında olmağın, bu torpaqlardakı azadlıq və qüruru bölüşməyin 86 milyonluq Türkiyə adından böyük önəm daşıdığını bildirən Türkiyə lideri, təxminən, 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib qardaş ölkələrin qazandığı birgə uğurların əsasında həmrəyliyimizin dayandığını bildirərək Türkiyənin qardaş və dost ölkələrlə apardığı hərtərəfli əməkdaşlığın sülhə və inkişafa xidmət etdiyini vurğuladı. Zirvə görüşünün ardından təşkil olunmuş konsert proqramı öncəsi çıxışında isə qardaş ölkənin lideri Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana da Laçından salamlar göndərərək dahi Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən səsləndirdiyi bəndlərlə doğmalığımızı bir daha bəyan etdi.
Zirvə görüşündə çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın haqq mübarizəsinə verdikləri sarsılmaz dəstəyin davam etdiyini bəyan edərək vurğuladı ki, Pakistan Qarabağ məsələsində daim Azərbaycanın yanında olub və Ermənistanı dövlət kimi tanımayıb. Bununla yanaşı, o, Kəşmir məsələsində Hindistanın qanunsuz işğalına qarşı verdikləri mübarizədə Pakistan xalqının əzmini ifadə etdi. Bu bəyanatın Laçından verilməsi isə həm də onu göstərdi ki, üç ölkə arasında əməkdaşlıq yalnız dostluq deyil, həm də qlobal ədalət uğrunda ortaq mübarizədir. Pakistanın Baş naziri gözəl Laçında dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görməyin onlarda yaratdığı hədsiz sevinc və fəxarət hisslərini bölüşməkdən məmnunluğunu ifadə etdi. O, son dövrlərdə bu tarixi münasibətlərin daha da inkişaf edərək Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndiyini bildirdi.
Laçında keçirilən zirvə görüşü türk-İslam həmrəyliyinin təkcə tarixi deyil, eyni zamanda çağdaş geosiyasi reallıqlarda da davam etdiyini göstərdi. Buradan verilən açıq bəyanatlarla bir daha deyildi ki, Azərbaycan işğala, Türkiyə terrora, Pakistan isə Hindistanın silahlı təzyiqlərinə qarşı apardığı mübarizədə yalnız qələbə qazanmamış, həm də bu qələbələri ortaq dəyərlərlə birləşdirmişdir. Başqa sözlə, gələcək dövr artıq ortaq hədəflər və kollektiv iradə üzərində qurulacaq.
Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi