AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Təyyarə qəzasının baş verməsindən dərhal sonra Prezident İlham Əliyevin göstərişi əsasında hadisə yerinə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və qəza nəticəsində xəsarət almış vətəndaşlarımıza təxirəsalınmaz və ixtisaslaşmış tibbi, habelə psixoloji yardımın göstərilməsinin təmini məqsədilə zəruri tibbi avadanlıqlarla təchiz olunmuş həkim heyəti ezam olunub, hadisənin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Həmçinin ölkə rəhbəri tərəfindən xəsarət almış vətəndaşlarımızın ölkəmizə təxliyə edilməsi, onların ölkəmizdə müalicəsinin davam etdirilməsi məqsədilə zəruri şəraitin yaradılması, həlak olmuş şəxslərin nəşlərinin gətirilməsi, zərərçəkmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərilməsi barədə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, məlumat verilib ki, hadisə baş verdikdən sonra Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb və hazırda İstintaq idarəsi tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir. Bundan əlavə, aidiyyəti dövlət qurumları, habelə Qazaxıstan Respublikası, Rusiya Federasiyası, Braziliya Federativ Respublikasının prokurorluq orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və qısa müddət ərzində bu istiqamətdə konkret nəticələrin əldə edilməsi təmin olunacaq.
Şənbə günü Azərbaycan və Rusiya prezidentləri mətbuat xidmətləri bildiriblər ki, Prezident Vladimir Putin təyyarə qəzasına görə üzr istəyib.
O, şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb.
Putin AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib.
Prezident İlham Əliyev ona zəng edən rusiyalı həmkarı Putinə sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini deyib
“Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək.”-Prezident İlham Əliyev AZTV-yə müsahibəsində bildirib.
Vəliyeva Arzu,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi