AnalitikaGündəm

Azərbaycan aviasiyası tarixində baş verən faciə təkcə böyük bir itki deyil, həm də qəhrəmanlıq dastanı kimi yadda qaldı

Dekabr ayının 25-də baş verən təyyarə qəzası hər birimizi sarsıtdı. Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb.

Azərbaycan aviasiyası tarixində baş verən faciə təkcə böyük bir itki deyil, həm də qəhrəmanlıq dastanı kimi yadda qaldı. Bu qəza zamanı təyyarənin bütün ekipaj üzvləri həyatlarını sərnişinləri xilas etmək üçün fəda etdilər. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Təyyarədə nasazlıq yaranan andan etibarən, onlar sərnişinlərin həyatını xilas etmək üçün bütün bilik və təcrübələrini səfərbər etdilər. Bu qəhrəmanlar göstərdi ki, fədakarlıq və insanlıq hər şeydən üstündür.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də bildirib:” Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər”

Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi.

Pilotlar və ekipaj üzvləri – onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər”, – deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə:

Əsədov Zülfiqar Sərdar oğlu

Rəhimli Aydan Vaqif qızı.

Onların xatirəsi qarşısında baş əyirik və göstərdikləri qəhrəmanlığı heç vaxt unutmayacağıq. Bu insanlar yalnız səmada deyil, həm də insan ürəklərində əbədi yaşayacaqlar.

Məmmədova Nuranə,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button