AnalitikaGündəm

Azərbaycan Avropa Komissiyasının enerji üzrə etibarlı tərəfdaşı və ümum-Avropa qaz təchizatçısıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün 18 iyul tarixində İngiltərədə işgüzar səfərdə olub və Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib.

Çıxışında dövlətimizin başçısı Avropa ölkələrinin enerji təchizatında, eləcə də enerji sahəsində həyata keçirilən layihələrdən, qarşıda duran əsas vəzifələrdən geniş məlumatlar verib.

Azərbaycan Prezidenti məlumat verərək bildirib ki, “Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”.

İlham Əliyev eyni zamanda qeyd edib: “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.

Möhtərəm Prezidentimiz Avropa Komissiyasının “Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı” adlandırdığını vurğulayaraq bildirib ki, “Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var”.

Avropanın qazla təchizatında yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməli, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalı olduğunu əsas kimi qeyd edən İlham Əliyev bu sahədə lazımi işlərin görüldüyünü bildirib: ” Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik. Bizim qaz kəmərimiz – Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi – Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”.

Çıxışında Azərbaycanın Avropa enerji təchizatında mühüm rol oynadığını və bu siyasətin daha da inkişaf etdirilməsinin ölkəmiz üçün ən vacib strateji hədəf olduğunu bildirən ölkə başçısı  digər məslələrlə bağlı da mühüm anonslar verib. Ümumilikdə Azərbaycanın Avropa enerji siyasətinin bir daha təsvirini verən İlham Əliyev tədbir iştirakçılarına əsas məqamları çatdırıb.

Fərmin Quliyev,
Azərbaycan Dövlət Texniki Universitetinin magistri

Oxşar Xəbərlər

Back to top button