Analitika

Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib

COP29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacaq: Şübhəsiz ki, COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün keçiriləcək konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq. Azərbaycan bu mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini göstərməklə yanaşı, beynəlxalq siyasi proseslərdə fəal rol oynadığını və nüfuzlu tərəfdaş olduğunu bütün dünyaya bir daha nümayiş etdirir. COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən bir neçə gün ərzində qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin növbəti təzühürüdür. COP 29-ün ölkəmizdə keçiriləcəyi bu ilin cənab Prezidentin müvafiq Sərəncamına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması xüsusi önəm daşıyır: “Bu əlamətdar hadisə Azərbaycanın dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda alternativ yollar axtarılması, yaşadığımız dünyanın qorunub-mühafizə edilməsi istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərdən biridir. Bu addım Azərbaycan dövlətinin dünyada baş verən mühüm proseslərə təsir imkanlarına sahib, təşəbbüskar dövlət olduğunun növbəti təzahürüdür. Eyni zamanda bu Sərəncam ətraf-mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından səmərəli istifadə olunması, alternativ enerji mənbələrinin axtarılması zərurətinin önəmini özündə ehtiva edir. Yaşıl enerji mənbələrinin axtarılması və bu sahədə səmərəli tədbirlərin keçirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir: Azərbaycan 2030 Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən olunub. Cənab Prezidentin müvafiq Sərəncamında da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə milli, regional, qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir.

Ölkəmizin qazandığı uğurlarda Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir: Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. COP29-un ölkəmizdə keçirilməsi də Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzahürü olacaq.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button