
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sinxua agentliyinə verdiyi geniş müsahibə bu strateji tərəfdaşlığın mahiyyətini, əldə olunan nəticələri və gələcək hədəfləri aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1992-ci ildən bu günədək Azərbaycan-Çin münasibətləri davamlı inkişaf dinamikasına malik olub. Astanada imzalanan Birgə Bəyannamə ilə bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu sənəd, dövlətlərarası əməkdaşlığın bərabərlik, qarşılıqlı etimad, hörmət və dəstək prinsiplərinə əsaslandığını bir daha təsdiqlədi. Prezidentin vurğuladığı statistik məlumatlar da bu tərəfdaşlığın dərinliyini əyani şəkildə nümayiş etdirir: 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, idxalda birinci yeri tutur. Eyni zamanda, Çin şəhərlərində fəaliyyət göstərən Azərbaycan Ticarət Evləri, Azərbaycanın qeyri-neft məhsullarının – xalça, nar şirəsi və s. – Çin bazarına çıxışını asanlaşdırır. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi strateji layihələr bu əməkdaşlığın reallaşmasında mühüm rol oynayır. Müsahibədən görünür ki, iki ölkə arasında humanitar sahədə əməkdaşlıq da sürətlə inkişaf edir. Çin universitetlərində Azərbaycan dili, Azərbaycanda isə Çin dili tədris olunur, tələbə mübadiləsi genişlənir. Turizmin inkişafı və vizasız rejim sayəsində Çin turistlərinin sayı ikiqat artıb ki, bu da qarşılıqlı marağın və mədəni yaxınlaşmanın göstəricisidir. Azərbaycan-Çin tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Hər iki ölkə beynəlxalq hüquqa əsaslanan dünya nizamını dəstəkləyir, BMT çərçivəsində və Qlobal Cənubun maraqlarının müdafiəsində birgə çıxış edir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi bu baxımdan mühüm töhfə olmuşdur. İlham Əliyevin yaxın zamanda planlaşdırılan dövlət səfəri bu münasibətlərə yeni təkan verəcək. Əldə olunan razılaşmalar, imzalanacaq yeni sənədlər, təkcə Azərbaycan və Çin üçün deyil, bütün region üçün strateji əhəmiyyət kəsb edəcək. Dövlət başçısının müsahibəsi bir daha göstərir ki, Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir və bu tərəfdaşlıq yeni dövrə qədəm qoyur – qarşılıqlı faydaya, qlobal təhlükəsizliyə və dayanıqlı inkişafa əsaslanan bir dövrə.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi