Analitika

Azərbaycan-Çin münasibətlərinin inkişafında Ulu Öndər çox vacib rol oynayıb

Azərbaycanın daxili və xarici siyasəti tarixən ciddi elmi-nəzəri əsaslar üzərində formalaşmış və inkişaf etmişdir. Bütün tarixi dövr və ictimai-siyasi quruluşlarda Azərbaycan yalnız milli maraqlara və bəşəri ideyalara söykənən qətiyyətli daxili və xarici siyasət həyata keçirmişdir. Bu siyasətin mahiyyət və məzmununa, kəmiyyət və keyfiyyətinə, təsir gücünə  nəzər yetirsək, görərik ki, bu siyasət ümumən bəşəriyyətin inkişafına müsbət təsir göstərmişdir. Bu baxımdan Azərbaycanın dahi dövlət xadimi, bütün siyasi prosesləri müdrikliklə idarə etməyi bacaran cəsarətli siyasətçi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasət kursu böyük bir idarəetmə məktəbidir. Cənab İlham Əliyev xalqa bağışlanan ömür sahibi Heydər Əliyevin layiqli davamçısı kimi xalqımızın, ölkəmizin, müstəqil və qüdrətli Azərbaycanın aydın sabahı naminə böyük daxili və xarici siyasət aparır. Bu siyasət bütün dünyanın diqqət mərkəzindədir və hər zaman qədirşünaslıqla təqdir olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibə dünya ictimaiyyətinin geniş marağına səbəb olmuşdur. Bu müsahibə iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanmışdır. Cənab Prezidentin olduqca məntiqli və məzmunlu müsahibəsində Azərbaycan-Çin əlaqələrinin tarixinə və əhəmiyyətinə dair bir sıra vacib fikirlər səsləndirilmişdir. Qeyd olunmuşdur ki, hələ sovet dövründə Azərbaycana rəhbərlk edən Ulu Öndər Heydər Əliyev dünyanın aparıcı ölkələrindən biri olan Çin ilə münasibətlərin qurulmasına və inkişafına ciddi münasibət bəsləyirdi. Müstəqillik dövründə isə Azərbaycan-Çin münasibətləri tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur. Qarşılıqlı rəsmi səfərlər, qurulan diplomatik əlaqələr, imzalanan müfafiq sənədlər və digər mühüm tədbirlər Azərbaycan-Çin əlaqələrinin uğurla inkişaf etməsinə səbəb olmuşdur. Çin dünyanın ən böyük və inkişaf etmiş ölkələrindən biridir. Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmləndirilməsi çox mühüm məna kəsb edir. Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasında bu müsahibənin önəmi əvəzsizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu müsahibə ilə bir daha özünün əsl liderlik bilik və bacarığını ortaya qoydu və sübut etdi ki, o, həqiqətən, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.

Valeh Əmrahov,
Nizami Rayon Gənclər və İdman İdarəsinin məsul işçisi

Oxşar Xəbərlər

Back to top button