AnalitikaGündəmSiyasət

Azərbaycan-Çin tərəfdaşlığı regional sabitlik və tərəqqi üçün nümunəvi model hesab olunur

2024-cü il iyulun 3-də isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bu Bəyannamə iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edən mühüm bir addım olub. Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Bu Bəyannamə, həmçinin ÇXR ilə Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir.

Dövlətimizin başçısının Çinə budəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev dünən Çinin Sinxua agentliyində dərc olunmuş müsahibəsində bu barədə qeyd edib: “Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib.

Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Beləliklə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.

Azərbaycan ilə Çin arasındakı iqtisadi əlaqələrin genişlənməsi, həmçinin beynəlxalq təşkilatlarda da öz əksini tapıb. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr və Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə qoşulması, bu əlaqələri daha da gücləndirib. Eyni zamanda, Şərq-Qərb və Orta Dəhliz layihələri çərçivəsindəki tərəfdaşlıqlar, nəqliyyat və ticarət əlaqələrinin inkişafına böyük töhfə verib. Pekində Azərbaycanın Ticarət Evinin açılması da bu əməkdaşlığın uğurlarını təzahür etdirir.

Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurları tətbiq etməklə iki ölkə arasında turizm və mədəni mübadiləni asanlaşdırıb. Bu cür təşəbbüslər, ölkələrimiz arasında iqtisadi, mədəni və sosial əlaqələrin dərinləşməsinə imkan verir.

İnformasiya sahəsindəki əməkdaşlıq da iki ölkə arasında sıx əlaqələrdə mühüm yer tutur.

Azərbaycan ilə Çin arasında mədəni əlaqələr uzun illərdir möhkəm dostluq körpüsü qurur. 1995-ci ildə aprelin 12-21-də Pekində keçirilən Səttar Bəhlulzadənin əsərlərinin sərgisi, iki ölkə arasında mədəni əməkdaşlığın başlanğıcını qoyub. Həmçinin 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri ilə Sumqayıt şəhəri qardaşlaşıb.

2008-ci il avqustun 10-da Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü”, 2011-ci ilin mayında isə Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Eyni zamanda, 2012-ci il dekabrın 10-14-də Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub. Azərbaycanda fəaliyyət göstərən iki Konfutsi İnstitutu və Çin dilinə olan artan maraq, iki ölkə arasındakı mədəni əlaqələrin güclənməsinə xidmət edir. Heydər Əliyev Fondunun Nizami Gəncəvinin büstünü Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə hədiyyə etməsi isə Azərbaycan mədəniyyətinin Çinlə əlaqələrdəki dəyərini nümayiş etdirir. Bu cür mədəni fəaliyyətlər, xalqlarımız arasında daha yaxın əlaqələrin qurulmasına və qarşılıqlı anlaşmanın güclənməsinə mühüm töhfə verir.

Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şair Nizami Gəncəvinin büstünün isə Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daim nümayiş olunması Azərbaycan üçün böyük rəmzi xarakter daşıyır.

Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir. Tarixi İpək yolunun yeni nəfəs aldığı dövrdə bu əməkdaşlıq gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanan uğurlu bir yol xəritəsidir.

Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button