AnalitikaGündəmMədəniyyət

Azərbaycan dilinə sevgi – milli kimliyimizin təməlidir

Hər bir xalqın milli kimliyini və mədəni irsini yaşadan əsas amillərdən biri onun dilidir. Dil bir millətin varlığını qoruyan, onun keçmişini bu günə, bu gününü isə gələcəyə daşıyan ən mühüm vasitədir. Bu baxımdan Azərbaycan dili də xalqımızın zəngin tarixini, ədəbiyyatını, mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə yaşadan əvəzsiz sərvətdir. Hər il 1 Avqust tarixində qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü məhz bu dəyərlərə verilən böyük önəmin təzahürüdür. 1 Avqustun Azərbaycan əlifbası və dili günü kimi qeyd olunması ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə rəsmiləşdirilmişdir. Belə ki, 2001-ci il avqustun 9-da ümummilli liderin imzaladığı fərmana əsasən, 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Bu qərar həm də müstəqil dövlətimizin öz milli kimliyinə və ana dilinə verdiyi yüksək dəyərin göstəricisi idi. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra öz dilinə və əlifbasına sahib çıxmaq, onu qorumaq və inkişaf etdirmək yolunda mühüm addımlar atdı. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə dövlət dili sahəsində yeni mərhələ başlandı. Əlifba yalnız yazı sistemi deyil, eyni zamanda xalqın milli-mədəni yaddaşının daşıyıcısıdır. Azərbaycan əlifbası zaman-zaman müxtəlif dəyişikliklərə məruz qalsa da, hər dəfə xalqımız öz dilini qoruyaraq bu dəyişiklikləri uğurla mənimsəmişdir. Tarixən Azərbaycan dili ərəb, sonra isə kiril əlifbalarında yazılmışdır. Lakin bu dəyişikliklər bir çox çətinliklər yaratmış, xalqın dil və yazı imkanlarını məhdudlaşdırmışdır. Latın əlifbasına keçid isə bu maneələrin aradan qaldırılması və Azərbaycan dilinin beynəlxalq arenada tanıdılması üçün vacib addım oldu. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan dili dövlət dilidir və onun istifadəsi bütün rəsmi və ictimai sahələrdə təmin olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə də Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində əhəmiyyətli qərarlar qəbul edilmiş, müxtəlif dövlət proqramları həyata keçirilmişdir. Təhsil, kütləvi informasiya vasitələri, mədəniyyət, ədəbiyyat və texnologiya sahələrində Azərbaycan dilinin istifadəsi genişlənməkdədir. Bu, həm milli şüurun formalaşması, həm də müasir dünyada Azərbaycan xalqının özünüifadəsi baxımından vacibdir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir vətəndaş üçün böyük əhəmiyyətə malik gündür.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button