Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada ölkəsinə yardım göstərib. Həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması Azərbaycanın COP29-da göstərdiyi səylərin mərkəzindədir.
Baham Adaları, Tonqa və Tuvalunun rəhbərlərinin bu ilin mayında ölkəmizə səfəri çərçivəsində qəbul olunmuş Bakı Kommünikesində COP29-un və iqlim maliyyələşməsinə çıxışın vacibliyinin xüsusi vurğulandığını xatırladan dövlət başçısı bildirib: “Bu ilin sentyabrında İtki və Zərərlər Fondunun fəaliyyətə başlaması ilə əlaqədar Bakıda ciddi irəliləyiş əldə olundu. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır”.COP29-un sədri olaraq, Prezident İlham Əliyev inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoq və əməkdaşlıq yaratmaq məqsədini güdəcəyini açıqladı. Bu, Azərbaycanın qlobal məsələlərə yanaşmasını göstərən mühüm bir addımdır. Azərbaycan, dünya siyasətində yalnız öz maraqlarını deyil, həm də qlobal cənubla şimal arasında tarazlıqlar yaratmağı hədəfləyir. İki fərqli dünyanı bir araya gətirmək və hər iki tərəf arasında ədalətli bir əlaqə qurmaq, Prezidentin vurğuladığı kimi, Azərbaycanın əsas məqsədi olacaq.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri