AnalitikaGündəmSiyasət

Azərbaycan enerji təminatının şaxələndirilməsinə yönəlmiş təşəbbüslərini genişləndirərək, Avropaya qaz ixracını artırmağa davam edir

Ermənistanın revanşist meylləri sülh prosesinə ciddi əngəl yaradır, lakin Azərbaycan beynəlxalq təzyiqlərə qarşı öz maraqlarını qorumaqda qərarlıdır. Dövlətimiz hərbi gücünü artırmaqla gələcəkdə baş verə biləcək hər hansı təhdidə qarşı hazırlığını möhkəmləndirir və bununla da regional təhlükəsizliyi təmin edir. Bu yanaşma Azərbaycanın strateji mövqeyini daha da gücləndirir və Cənubi Qafqazda sabitliyin qorunmasına böyük töhfə verir. Forumda dövlətimizin başçısı çıxışında qeyd edib: “2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır”.

Avropa İttifaqı ilə əməkdaşlıq və enerji təhlükəsizliyi sahəsində Azərbaycanın artan rolu, xüsusilə hazırda qlobal enerji bazarında mövcud olan mürəkkəb şəraitdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan enerji təminatının şaxələndirilməsinə yönəlmiş təşəbbüslərini genişləndirərək, Avropaya qaz ixracını artırmağa davam edir. Bu ölkələrin qaz təchizatı həm də regional siyasi və iqtisadi sabitliyin qorunması baxımından önəmlidir. Azərbaycan enerji sahəsində müasir yanaşmalarla həm tələbləri qarşılamağa, həm də iqtisadiyyatını daha da gücləndirməyə çalışır. Bu addımlar, eyni zamanda yaşıl enerji sahəsində irəliləyişləri dəstəkləyəcək və enerji istehsalını artırmaqla davamlı inkişafın təmin olunmasına töhfə verəcək. Avropa Komissiyasının müraciəti əsasında ölkəmizin Avropaya qaz təchizatını təxminən 60 faiz artırdığını bildirən dövlətimizin başçısı qeyd edib ki, bu göstərici 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı: “Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq, çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır”.

Prezident İlham Əliyev, həmçinin forumda Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb. Çin ilə olan əməkdaşlıq iqtisadi, texnoloji və infrastruktur sahələrində yeni imkanlar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Dövlətimizin başçısı qeyd edib ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bu faktorlar Azərbaycanın nəqliyyat sektorunda modernləşmənin və yaşıl enerji siyasətinin tərkib hissəsi olacaq. Bu dost dövlətlər arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və həmin sahədə yeni layihələrin həyata keçirilməsi üzrə mütərəqqi planlar mövcuddur. Bu əməkdaşlıq Azərbaycanın enerji resurslarının diversifikasiyası və yaşıl enerjinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Çin ilə strateji tərəfdaşlıq həm də ətraf mühitin qorunması istiqamətində mühüm addımların atıldığını göstərir. Azərbaycanın beynəlxalq siyasəti, yalnız öz müstəqilliyini və suverenliyini təmin etmək deyil, həm də regiondakı sabitliyi qorumağa və daha geniş beynəlxalq əməkdaşlıq imkanları yaratmağa yönəlmişdir. Türk Dünyası ilə əlaqələrin gücləndirilməsi, Gürcüstanla strateji tərəfdaşlığın inkişafı və Cənubi Qafqazda vasitəçilərə ehtiyacın olmaması kimi məsələlər, Azərbaycanın regionda və dünyada daha fəal rol oynamasına zəmin yaradır. Azərbaycanın rəhbərliyi altında bu məqsədlərin reallaşdırılması, yalnız ölkənin deyil, bütövlükdə Avrasiyanın sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın regional və beynəlxalq siyasətindəki mövqeyini və məqsədlərini aydın, əhatəli şəkildə təqdim etdi.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button