AnalitikaGündəmSiyasət

Azərbaycan əsas nəqliyyat qovşaqlarından biridir

Prezident İlham Əliyev yanvarın 28-də keçirilən müşavirədə vurğulayıb ki,  son illər ərzində nəqliyyat infrastrukturu istiqamətdə bir çox işlərin görülməsinə, böyük infrastruktur layihələrinin icra edilməsinə baxmayaraq, yenə də Bakı şəhərində tıxac müşahidə olunur. Tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Son 20 il ərzində ölkəmizdə yol-nəqliyyat infrastrukturu sahəsində nəhəng işlər həyata keçirilib. Bu müddətdə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu, səkkiz beynəlxalq hava limanı inşa edilib. Bu reallıq diqqətə çatdırıldı ki, əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil.

Son 20 ildə reallığa çevrilən nəqliyyat layihələri sırasında Bakı-Tbilisi-Qars xüsusi yer tutur. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən və qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Prezident İlham Əliyev müşavirədə onu da bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edildi. Ölkəmiz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşdi. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparıldı və nəhayət razılıq əldə edildi.

Natiq Musayev,
Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri

Oxşar Xəbərlər

Back to top button