“Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıb, bu gün də bu, belədir. Bu mənada, Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bir sözlə, bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir”.
Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ölkənin baş naziri İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana həyata keçirməyi Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir: “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir”.
“Onu da nəzərə alaq ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan ilə Gürcüstanın əməkdaşlığı Avropa və dünya üçün xüsusi əhəmiyyət kəsb edir: “Həmçinin yeni elektrik enerjisi ilə bağlı layihələrin icrası nəticəsində Azərbaycan elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti də 5 milyon tona çatdırılacaq. Əlbəttə ki, bütün bu ixrac və nəql əməliyyatları Gürcüstandan keçir. Nəzərə alsaq ki, növbəti illərdə əsas vəzifə Avropaya ixracın genişləndirilməsidir, bu da Gürcüstanla Azərbaycanın digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklərinə mühüm şərait yaradır”.