
Azərbaycan idmanının inkişafı uzaq keçmişdən başlanır. Cəmiyyətin inkişafına əsaslı təsir göstərən bir sıra kəşflər məhz daş dövründə olmuşdur. Bu kəşflər sırasında ox və kamanın ixtira edilməsi buna əyani sübutdur.
Hələ eramızdan iki min il əvvəl Azərbaycanda tunc alətlərin işləndiyi vaxtlarda (tunc dövrü) insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qayaları üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir.
XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumatlar verilir.
1900-cu ilin əvvəllərində Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etməyə başlayır. 1910-cu ildə Bakı gimnaziyasının müəllimi V.Qricbovski tərəfindən üzgüçülük məktəbi yaradılmışdı. Bu qəbildən Bakı gimnaziyasının müəllimi Leonid Romançenkonun həyatı diqqətəlayiqdir. 1912-ci ildə Bakı gimnaziyasının müəllimi Leonid Romançenko 24 saat 20 dəqiqə ərzində Xəzər dənizində 48 km məsafəyə üzmüşdür. Bu o dövr açıq dəniz marafonçusu üçün görülməmiş nəticə idi. Bununla L.Romançenko əvvəlki rekordçu La Manşı keçən ingilis Burqisin rekordunu kölgədə qoydu. Lakin 1917-ci ilə qədər bu nəticələr tək-tək idmançılara məxsus idi və bu həvəskar idmançılara öz ustalıqlarını artırmağa heç kim köməklik göstərmirdi. Bu hadisədən sonra Bakı üzgüçülük məktəbində məşğul olanların sayı 200-dən çox olmuşdur. 1920-ci ildə Respublikamızda “Sokol”, “Unita”, “Avtomotor”, “Vodnik”, “Reçnik” və başqa cəmiyyətlər (bu cəmiyyətlər inqilabdan sonra bədən tərbiyəsi birliyinə çevrildi) fəaliyyət göstərirdi. 1921-ci ildən başlayaraq müxtəlif idman növləri üzrə şəhərlərarası yarışlar keçirildi. Bədən tərbiyəsi və idman işlərinə Azərbaycan həmkarlar ittifaqları xüsusi qayğı göstərməyə başladı (1922). Bakıda ilk dəfə olaraq bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı (1923). Azərbaycanda boks (1920), futbol (1921), ağırqaldırma (1925), yunan-Roma (1924), sərbəst güləş (1928) üzrə ilk Respublika çempionatı keçirilmişdir. 1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti könüllü idman cəmiyyətləri yaradılması haqqında qərar qəbul etdi. ÜİHİMŞ qərarı əsasında 1936-cı ildə həmkarlar ittifaqlarının könüllü idman cəmiyyətləri yaradıldı. 1936-cı ildə Azərbaycan LKGİ MK-ın qərarı ilə ayrı-ayrı idman cəmiyyətləri yanında uşaq idman məktəbləri yaradıldı. Respublikada 8 uşaq idman məktəbi (1941), 15 könüllü idman cəmiyyəti (1958) fəaliyyət göstərirdi. Hazırda Respublikamızda 14 idman cəmiyyəti fəaliyyət göstərir.
Azərbaycan Olimpiya Hərəkatı (OH) tarixini şərti olaraq üç dövrə bölmək olar. Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952- 1988), Müstəqil Dövlətlər Birliyi (MDB) yığma komandası tərkibində iştirak etdiyi dövr (1988-1992) və Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşulduğu dövr (1992). Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst güləşçi R. Məmmədyarovun 1952-ci il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda Y.Konovalov, A. Kornelyuk (atletika), İ.Rıskal, V.Lantratova (voleybol) V.Mineyev (müasir beşnövçülük), A.İbrahimov (sərbəst güləş), R. Şabanova, L. Şubina, L. Savkina (həndbol), İ.Məmmədov, B.Koretski (qılıncoynatma), İ. Ponamaryov (futbol) və başqalarının uğurlu çıxışları Azərbaycan idmançılarının nüfuzunu daha da artırdı. 1992-ci il Barselona Olimpiadasında Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) yığma komandasında cəmi 5 nəfər idmançı ilə təmsil olunsa da, idmançılarımızdan ikisi N.Hüseynov (cüdo), V. Belinki (gimnast) yüksək nəticələr göstərərək Olimpiya çempionu adına layiq görülmüşdülər. 1992-ci ildə MOK-un yaradılması və onun BOK tərəfindən tanınması ilə ölkəmizin Olimpiya Hərəkatında (OH) yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996-cı il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən N. Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan Milli Olimpiya komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır.
Fəridə Rzayeva,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçi