Analitika

Azərbaycan ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir

Ulu Öndərimiz Heydər Əliyevin iştirakı ilə 1973 – cü ildə Bakıda keçirilən 24 – cü Beynəlxalq Astronavtika Konqresinin əlli ildən sonra yenidən ölkəmizin paytaxtında keçirilməsi tarixin təkrarlanması ilə bərabər Azərbaycana göstərilən etimadın, qayğı və diqqətin ifadəsidir.     100 dən artıq ölkəni təmsil edən və 5000 dən çox iştirakçının qatıldığı bu tədbir yüksək beynəlxalq nüfuza malikdir və Azərbaycan on ildən çoxdur ki, bu kosmik ailənin üzvi kimi səmərəli fəaliyyət göstərir. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olan ölkəmiz kosmik sənayenin inkişafına böyük əhəmiyyət verir.

Konqresin ölkəmiz üçün bir çox faydaları da olacaq. Belə ki, bu beynəlxalq tədbir ölkəmizdə kosmik sahədə innovasiyaya, tədqiqatlara və inkişafa töhfə verəcək. Həmçinin Azərbaycan gənclərinin kosmos və yüksək texnologiyalara marağının artırılması və yeni texnoloji inkişaf dövrünə hazırlığını təşviq edəcək. Ölkəmizin qlobal müstəvidə artan nüfuzuna dəstək, kosmos diplomatiyası və irihəcmli beynəlxalq kosmik layihələrdə iştirak imkanları yaranacaq. Dünyanın 75-dən çox ölkəsindən yüzlərlə yüksəkixtisaslı mütəxəssisin, həmçinin 2500-dən çox gəncin ölkəmizə səfəri Azərbaycanla bağlı məlumatlılığı artıracaq.

Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında vurğulayıb ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək.

Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”.

Azərbaycan ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Həqiqətən də bu hər bir vətəndaşda qürur hissi oyadır. Çünki keçən əlli ildə Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin qoyub – getdiyi bünövrə,  tövsiyə etdiyi tapşırıqlar, siyasət sayəsində, cənab İlham Əliyevin düşünülmüş planları, həyata keçirdiyi proqramlar, layihələr əsasında tamamilə dəyişmiş, mədəniləşmiş, inkişaf etmiş və dünyanın tanınan dövlətlərindən birinə çevrilmişdir.

Beynəlxalq Konqresin Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button