AnalitikaGündəmSiyasət

“Azərbaycan” İstilik Elektrik Stansiyası bu gün də ölkənin enerji sistemində aparıcı mövqedədir

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur. Bu mühüm təşəbbüs respublikamızın energetika sisteminin inkişafında dönüş nöqtəsi olmuş, Azərbaycanın sənaye və sosial-iqtisadi həyatında böyük irəliləyişlərin əsasını qoymuşdur.

Ulu Öndər enerji təhlükəsizliyini ölkənin strateji inkişaf istiqamətlərindən biri kimi qiymətləndirir və bu sahədə mühüm layihələrin reallaşdırılmasını daim diqqət mərkəzində saxlayırdı. “Azərbaycan” İES-in tikintisi də məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq həyata keçirilmişdir. Stansiyanın yerləşdiyi Mingəçevir şəhəri Azərbaycanın enerji mərkəzinə çevrilmiş, burada yaradılan güclü enerji infrastrukturu ölkənin enerji təminatında mühüm rol oynamışdır.

Stansiyanın istismara verilməsi ilə Azərbaycanın enerji istehsal gücü əhəmiyyətli dərəcədə artmış, respublikanın müxtəlif bölgələrinin elektrik enerjisi ilə fasiləsiz təchizatı mümkün olmuşdur. Bu isə sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafına böyük təkan vermişdir. Eyni zamanda, stansiyanın fəaliyyəti regionda yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına da xidmət etmişdir.

“Azərbaycan” İstilik Elektrik Stansiyası bu gün də ölkənin enerji sistemində aparıcı mövqedədir. Müasir dövrdə stansiyada həyata keçirilən yenidənqurma və modernləşdirmə işləri nəticəsində onun texniki imkanları daha da genişləndirilmiş, məhsuldarlığı artırılmışdır. Bu, bir daha sübut edir ki, Heydər Əliyevin zamanında atdığı strateji addımlar bu gün də öz bəhrəsini verir və Azərbaycanın dayanıqlı inkişafına xidmət edir.

Ulu Öndərin enerji sahəsində müəyyən etdiyi yol bu gün də uğurla davam etdirilir. Onun irsi üzərində qurulan enerji strategiyası Azərbaycanın müstəqil enerji siyasətinin formalaşmasına, ölkəmizin beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınmasına imkan yaratmışdır. “Azərbaycan” İES isə bu strategiyanın canlı simvolu kimi ölkəmizin enerji tarixində əbədi iz qoymuşdur.

YAP Xəzər rayon təşkilatının gənc fəalı
Aslan Hümbətov

Oxşar Xəbərlər

Back to top button