
“Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın 30 sentyabr tarixində mətbuata verdiyi bəyanat iki ölkə arasında mövcud strateji tərəfdaşlığın dərinliyini bir daha nümayiş etdirdi. Bu münasibətlər artıq sırf iqtisadi və enerji əməkdaşlığını aşaraq elm, təhsil və humanitar sahələrə qədər genişlənib. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan və İtaliya “əsl strateji tərəfdaşlardır”. 2015-ci və 2018-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri, bu əməkdaşlığın siyasi iradə ilə necə davamlı şəkildə inkişaf etdiyini təsdiqləyir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, İtaliya bu gün Azərbaycanın Avropa İttifaqındakı ən güclü dəstəkçilərindən biridir. İki ölkə arasında iqtisadi əlaqələr də bu siyasi etimadın təbii nəticəsidir. İtaliya artıq uzun illərdir Azərbaycanın birinci ticarət tərəfdaşı kimi qalır. Azərbaycanın neft və qaz ixracında bu ölkə xüsusi yer tutur – İtaliyanın enerji balansında Azərbaycan nefti birinci, qazı isə ikinci sıradadır. Prezident İlham Əliyev mətbuata bəyanatında TAP layihəsinin həyata keçirilməsində İtaliyanın, xüsusilə Prezident Mattarellanın şəxsi rolunu yüksək qiymətləndirdi. 2020-ci ildən etibarən Azərbaycan qazı TAP vasitəsilə İtaliyaya ixrac olunur və bu, Cənub Qaz Dəhlizinin Avropa enerji xəritəsində strateji mövqeyini daha da möhkəmləndirib.
“Azərbaycan–İtaliya münasibətlərinin yeni mərhələsi elm və təhsildə öz əksini tapır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan İtaliya-Azərbaycan Universiteti bu əməkdaşlığın ən parlaq nümunəsidir. ADA Universitetinin bazasında qurulan bu ali təhsil müəssisəsi artıq 600-dən çox tələbəyə təhsil verir.
Universitet İtaliyanın beş nüfuzlu ali məktəbi – Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri ilə sıx əməkdaşlıq edir. Burada tədris olunan mühəndislik, memarlıq, dizayn, kənd təsərrüfatı və idarəetmə ixtisasları həm ikili diplom sisteminə, həm də müasir Avropa təcrübəsinə əsaslanır.
Bakıda oktyabrın 1-də açılmış yeni tədris korpusları və laboratoriyalar yalnız elmi bilik mərkəzi deyil, həm də Azərbaycan–İtaliya dostluğunun rəmzidir. Universitetin “bazar meydanı” anlayışı qədim İpək Yolunu simvolizə edərək, mədəni və iqtisadi mübadilənin davamlılığını əks etdirir”.
Onun sözlərinə görə, Azərbaycan–İtaliya münasibətləri bir daha göstərir ki, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bu münasibətlər təkcə iqtisadi maraqlara deyil, qarşılıqlı hörmətə, etimada və ortaq dəyərlərə əsaslanır. İki ölkə arasındakı strateji tərəfdaşlıq artıq davamlı dostluq modelinə çevrilib. Enerji sahəsindən elmə, iqtisadiyyatdan humanitar əlaqələrə qədər hər istiqamətdə qarşılıqlı inamın parlaq nümunəsidir.