
Azərbaycan və İtaliya arasındakı əlaqələr bu gün sadəcə strateji tərəfdaşlıq çərçivəsində deyil, artıq dərin dostluq və qarşılıqlı etimad səviyyəsində inkişaf edir. 30 sentyabr tarixində Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın mətbuata verdikləri birgə bəyanat bu münasibətlərin mahiyyətini və istiqamətini aydın şəkildə ortaya qoydu. Hər iki dövlət başçısının ifadə etdiyi fikirlər göstərdi ki, Azərbaycan–İtaliya əlaqələri zamanla möhkəmlənərək qarşılıqlı hörmətə, ortaq maraqlara və humanitar dəyərlərə əsaslanan nümunəvi əməkdaşlıq modelinə çevrilib.
İki ölkə arasında qurulmuş strateji tərəfdaşlığın əsas dayaqları enerji və iqtisadi sahələr olsa da, bu münasibətlər son illərdə çoxşaxəli inkişaf yoluna qədəm qoyub. İtaliya uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycanın neft-qaz ixracında xüsusi rol oynayır. İtaliyanın enerji balansında Azərbaycan nefti birinci, qazı isə ikinci sıradadır. Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TAP layihəsinin uğurla reallaşması bu əməkdaşlığın konkret nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihənin həyata keçirilməsində İtaliyanın və Prezident Mattarellanın rolu danılmazdır. TAP xətti sayəsində Azərbaycan qazı 2020-ci ildən etibarən Avropa bazarına, xüsusilə də İtaliyaya etibarlı şəkildə çatdırılır.
Azərbaycan–İtaliya münasibətlərinin ən diqqətəlayiq tərəflərindən biri isə onların elm və təhsil sahəsindəki yeni mərhələyə qədəm qoymasıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan İtaliya–Azərbaycan Universiteti iki ölkə arasında mədəni və intellektual körpü rolunu oynayır. ADA Universitetinin bazasında formalaşan bu ali məktəb artıq yüzlərlə tələbəyə Avropa təcrübəsinə əsaslanan təhsil imkanı təqdim edir. Universitet İtaliyanın Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri ilə sıx əməkdaşlıq edir. Burada tədris olunan ixtisaslar – mühəndislik, memarlıq, dizayn, kənd təsərrüfatı və idarəetmə – hər iki ölkənin gələcək inkişafına xidmət edir. Yeni tikilmiş tədris korpusları və laboratoriyalar isə Azərbaycan–İtaliya dostluğunun rəmzi kimi qiymətləndirilir. Universitetin “bazar meydanı” anlayışı qədim İpək Yolunun ruhunu daşıyaraq, mədəni və elmi mübadilənin davamlılığını simvolizə edir.
Azərbaycan–İtaliya münasibətləri bu gün Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin parlaq nəticəsidir. Bu siyasət qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq və ortaq dəyərlər prinsiplərinə əsaslanır. Artıq bu əlaqələr yalnız iqtisadi maraqlarla deyil, xalqlar arasında mənəvi yaxınlıqla da möhkəmlənir. Enerjidən elmə, mədəniyyətdən humanitar sahələrə qədər bütün istiqamətlərdə inam və dostluq ruhu hökm sürür.
Beləliklə, Azərbaycan–İtaliya münasibətləri bu gün strateji tərəfdaşlıq mərhələsini aşaraq davamlı dostluq modelinə çevrilib. Bu dostluq hər iki ölkənin inkişafına, eləcə də Avropa ilə Qafqaz arasında dayanıqlı əməkdaşlıq körpüsünün möhkəmlənməsinə xidmət edir.
Aytac Məhərrəmli
YAP Nizami rayon təşkilatının məsləhətçisi