
Azərbaycan jurnalistikasının formalaşması və inkişafı tarixində 22 iyul xüsusi yer tutur. Məhz bu tarixdə 1875-ci il iyulun 22-də böyük maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrinə başlanıldı. Bu mühüm hadisə ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Həsən bəy Zərdabinin rəhbərliyi ilə nəşr olunan bu qəzet təkcə ilk milli qəzet olmaqla kifayətlənmədi, eyni zamanda xalqın maariflənməsi, milli oyanış və mədəni inkişaf yolunda önəmli bir tribunaya çevrildi.
“Əkinçi” qəzeti Azərbaycan türkcəsində nəşr olunmaqla sıravi insanların dilində, sadə və aydın bir tərzdə yazılırdı. Məqsəd aydın idi: xalqı maarifləndirmək, sosial ədalətsizliklərə qarşı mübarizə aparmaq, təhsilin və elmin əhəmiyyətini çatdırmaq. Həsən bəy Zərdabi bu işə həyatını həsr etdi. Qəzet cəmi 56 say buraxılsa da, onun təsiri və qoyduğu ideoloji-təfəkkür mirası bu gün də yaşayır.
Sovet hakimiyyəti illərində mətbuat dövlətin rəsmi ideologiyasının təbliğat vasitəsinə çevrildi. Bununla belə, dövrün bir çox jurnalisti öz yazılarında incə şəkildə ictimai problemləri qabartmağa, oxucunu düşündürməyə çalışırdı. “Kommunist”, “Bakinskiy Raboçiy”, “Azərbaycan gəncləri” kimi qəzetlər həmin dövrdə nəinki Azərbaycan daxilində, ümumittifaq səviyyəsində də oxunurdu. Amma söz və fikir azadlığı məhdud idi və jurnalistlər sərbəst şəkildə öz fikirlərini ifadə edə bilmirdilər.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra söz və fikir azadlığı geniş imkanlar qazandı. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə mətbuat üzərində senzura ləğv edildi. Bu, Azərbaycan mətbuatı üçün yeni dövrün başlanğıcı idi. Həmin tarixdən etibarən ölkədə çoxsaylı qəzet, jurnal, xəbər agentlikləri və televiziya kanalları fəaliyyətə başladı.
Son illərdə rəqəmsal medianın sürətlə inkişafı ilə yanaşı, internet resurslarının və sosial medianın rolu artdı. Onlayn xəbər portalları ənənəvi mətbuatla bərabər cəmiyyətin informasiya təminatında aparıcı mövqeyə yüksəldi. Bu isə jurnalistlərin məsuliyyətini daha da artırdı. Sosial şəbəkələrdə yayılan məlumatların doğruluğu, etik kodekslərə əməl olunması məsələsi müasir dövr jurnalistikasının əsas çağırışları sırasındadır.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, mətbuat cəmiyyətin güzgüsüdür və jurnalistlərin fəaliyyəti ölkənin demokratik inkişafında mühüm yer tutur. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən çoxsaylı layihələr həyata keçirilib, jurnalistlər üçün bina tikilib, mükafatlar və təltiflər verilib. Medianın iqtisadi müstəqilliyinin təmin olunması üçün Media İnkişafı Agentliyi yaradılıb.
Bu gün Azərbaycan jurnalistikası təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də informasiya mübarizəsində ön cəbhədə yer alır. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində çalışan jurnalistlər bir daha sübut etdilər ki, peşəkarlıqla, dəqiqliklə və vətənpərvərlik ruhunda yazılmış hər bir xəbər, reportaj cəbhədəki əsgərin silahı qədər təsirli ola bilər. Həmin dövrdə şəhid olan jurnalistlərimizin xatirəsi isə daim ehtiramla anılır.
22 iyul – Milli Mətbuat Günü təkcə jurnalistlərin peşə bayramı deyil. Bu gün həm də milli sözün, maarifin, mədəniyyətin, cəmiyyətin tərəqqisinə xidmət edən bir missiyanın təntənəsidir. Həsən bəy Zərdabinin başladığı yol bu gün də minlərlə jurnalist tərəfindən ləyaqətlə davam etdirilir.
Azərbaycan mətbuatının 150 illik tarixi göstərir ki, milli söz daim yaşayacaq, inkişaf edəcək və cəmiyyətin aynası olmağa davam edəcək.
Tünzalə Əliyeva
Yeni Azərbaycan Partiyası Nizami rayin təşkilatının məsləhətçisi.