AnalitikaGündəmSosial

“Azərbaycan milli mətbuatının təməl daşı olan “Əkinçi”dən qlobal informasiya şəbəkəsinə uzanan 150 illik yol”

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoydu. Cəmi 56 sayı çıxmasına baxmayaraq, bu qəzet xalq maariflənməsi, milli şüurun formalaşması və cəmiyyətin ictimai-siyasi proseslərə cəlb olunmasında müstəsna rol oynadı. Qəzetin yaydığı maarifçi ideyalar qısa zamanda geniş oxucu kütləsinin rəğbətini qazandı, lakin Çar Rusiyasının təzyiqləri səbəbilə fəaliyyəti dayandırıldı. Buna baxmayaraq, “Əkinçi”nin açdığı yol daha sonra “Ziya”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Həyat”, “İrşad” kimi nəşrlərlə davam etdirildi və milli mətbuatımızın inkişafına güclü təkan verdi.

XX əsrin sonlarında Azərbaycanda müasir medianın təşəkkül tapması isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə senzura ləğv edildi, jurnalistlərin sərbəst fəaliyyəti üçün hüquqi baza yaradıldı və medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət dəstəyi, informasiya texnologiyalarının tətbiqi və qanunvericilik islahatları nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya məkanında öz yerini tutmaqdadır.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibəsində dövlətin informasiya cəbhəsində ən önəmli silahlarından birinə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin dünya mediasına verdiyi müsahibələr və yerli mətbuatın apardığı təbliğat Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdı.

Bu gün 150 illik tarixi olan Azərbaycan mətbuatı milli maraqları qorumaqla yanaşı, cəmiyyətin məlumatlandırılması, maarifləndirilməsi və ictimai rəyin formalaşdırılması funksiyalarını uğurla yerinə yetirir. “Əkinçi” ilə başlayan bu yol bu gün də informasiya mübarizəsində əzm və peşəkarlıqla davam etdirilir.

Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button